Bakıda Söyüdlü sakinlərinə dəstək aksiyası
Mühacirətdə olan bloger Tural Sadıxlı iyulun 2-də saat 15:00 üçün Bakının Fəvvarələr Meydanına Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən polis zorakılığına etiraz etmək üçün aksiya təyin edib. Aksiya vaxtı Kanal13-ün canlı olaraq yayımladığı videonu təqdim edirik.
İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib.
Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub.
Müsavat Partiyası iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin ekoloji çirklənməyə qarşı keçirdikləri aksiyada polisin dinc etirazçılara qarşı qəddar davranışını Azərbaycanda despotizmin getdikçə dərinləşdiyini təsdiqləyən növbəti ağır cinayət kimi qiymətləndirib.
Müsavat etirazçılara qarşı zorakılıq edən polis əməkdaşları və onlara bu əmri verənlərin dərhal müəyyənləşdirilərək cəzalandırılmasını, bu barədə xalqa ətraflı məlumat verilməsini, saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını, Söyüdlü kəndinə yolun açılmasını, xalqın susdurulması siyasətindən əl çəkilməsini, vətəndaşların haqlı tələblərinə əməl olunmasını hakimiyyətdən tələb edib.