Fərid Səfərli məhkəmədə müdafiəsiz qalıb
İran hakimiyyətinin Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürdüyü “casusluq” ittihamı “casusluq niyyəti” ittihamı ilə əvəz edilib.
Həmçinin İran hakimiyyəti Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələrinin məhkəmə prosesində iştirakını təmin etmir və Səfərliyə tərcüməçi təqdim etmir.
Bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Səfərlinin hüquqlarının müdafiəsi işinin təşkili ilə bağlı dəfələrlə İran tərəfinə müraciət etdikdən sonra Səfərlinin hüquqlarını müdafiə edə biləcək bir neçə vəkil haqqında məlumat təqdim edilib. Bu barədə Səfərlinin ailəsinə Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan məlumat verilib.
Hacızadə eyni zamanda qeyd edib ki, İran qanunvericiliyi Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasını nəzərdə tutmur.
Eyni zamanda, məhkəmə iclaslarının tarixləri və Baş Konsulluğun rəsmi nümayəndələrinin məhkəmə iclaslarında iştirak etmək niyyəti ilə bağlı İran tərəfinə sorğu göndərilməsinə baxmayaraq, İran tərəfi bu sorğulara cavab verməyib.
Bu səbəbdən də məhkəmə iclaslarında Baş Konsulluğun əməkdaşlarının iştirakı mümkün olmayıb.
Bundan başqa, Azərbaycan tərəfinin müraciətlərinə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin edilməyib.
Eyni zamanda müəyyən edilib ki, iyulun 19-da keçirilən məhkəmə iclasında Fərid Səfərliyə qarşı irəli sürülən “casusluq” maddəsi “casusluq niyyəti” maddəsi ilə əvəz edilib.
Hacızadə vurğulayıb ki, hazırda Fərid Səfərlinin valideynlərinin oğluna baş çəkməsi üçün işlər aparılır.
Səfərlinin anası Dilyarə Əsgərova Feysbuk səhifəsində oğlunun hüquqi müdafiəsiz qaldığını yazıb.
Onun sözlərinə görə, İran tərəfinin təklif etdiyi vəkillər xidmətlərinə görə çox böyük məbləğdə pul istəyiblər və gəncin ailəsi onları ödəmək imkanına malik deyil.
“Mən özüm ona məsləhət vermək məcburiyyətində qaldım. Mən ona dedim ki, ifadəsinin farsca yazılmış mətninin altına yazsın ki, məzmununu başa düşmür”, – Əsgərova qeyd edib.
Almaniyada təhsil alan Fərid Səfərli bu ilin fevral ayında universitetdə birlikdə oxuyarkən tanış olduğü qızla görüşmək üçün İrana gedib. Martın 4-dən Səfərli ilə əlaqə kəsilib. Yalnız təzminən 3 aydan sonra məlum oldu ki, İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.