Müsavat Partiyası, Real və AXCP yenidən qeydiyyata alındılar

Avqustun 9-da Ədliyyə Nazirliyi Müsavat Partiyasının yenidən qeydə alınması barədə qərar qəbul edib. Bu haqda partyanın başqanı Arif Hacılı özünün feysbuk hesabında məlumat yayıb.

APA xəbər verir ki, bu gün həmçinin AXCP və Real partiyaları da dövlət qeydiyyatına alınıb.

08.09.2023

Daha 3 partiya qeydiyyata alındı

Ədliyyə Nazirliyi daha üç siyasi partiyanı qeydiyyatdan keçirib. Modern.az xəbər verir ki, bunlar Vəhdət (sədr Tahir Kərimli), Azad Vətən (sədr Akif Nağı) və  Klassik Xalq Cəbhəsi partiyalarıdır.

Məlumat həmin partiyalardan təsdiqlənib. Bununla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 15-ə çatıb.

***

07.09.2023

Qeydiyyatı yenilənən partiyaların sayı 12-yə çatdı

Ədliyyə Nazirliyi siyasi partiyaların dövlət qeydiyyatının yenilənməsini davam etdirir. “Turan”ın 7 sentyabr məlumatına görə, 12 partiya prosesi geridə qoyub: Ağ Partiya, Ana Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası.

2023-cü il yanvarın 11-də qüvvəyə minən siyasi partiyalar qanunu dövlət qeydiyyatı üçün minimum üzv sayını 1000 nəfərdən 5000 nəfərə qaldırıb. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün iyulun 10-dək vaxt verilib.

59 partiyanın 27-si Ədliyyə Nazirliyinə reyestr təqdim edə bilib. Qalan partiyalar ya özünü buraxıb, ya da üzvlərinin sayını 5000 nəfərə çatdıra bilmədiyini bəyan edib.