AŞPA məruzəçiləri Tofiq Yaqublu barəsindəki hökmü pisləyir və işə yenidən baxmağa çağırırlar

AŞPA-nın üç məruzəçisi Azərbaycan hakimiyyətini “xuliqanlıq” ittihamı ilə 4 il üç ay müddətinə azadlıqdan mərhum edilmiş müxalif siyasətçi Tofiq Yaqublunun işinə yenidən baxmağa çağırıblar.

“Cənab Yaqublunun vəkilinin məhkəmə prosesinin ədalətsiz, ictimaiyyət üçün qapalı keçirilməsi və müdafiə tərəfin heç bir vəsatətinin təmin edilməməsi haqqında iddiaları bizi narahat edir”, deyə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Rocer Qeyl (Böyük Britaniya) və Ştefan Şennak (Avstriya) bildirib.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir (İslandiya) deyib: “Hökmün sərtliyi və Yaqublunun aclıq elan etmək qərarı bizi xüsusilə narahat edir”.

Hər üç məruzəçi hələ 2020-ci il martın 22-də Yaqublu avtomobil qəzasında və ər-arvada bədən xəsarəti yetirməkdə ittiham olunaraq həbs edildiyi zaman narahatlığını bildirmişdi.

“Cənab Yaqublu digər maşının onun park edilmiş maşınına vurduğunu və ər-arvadın ona hücum etdiyini iddia edərək, özünü təxribatın qurbanı hesab edir. Təəssüf ki, Azərbaycan hakimiyyəti keçmişdə də siyasi müxalifəti susdurmaq üçün dəfələrlə saxta “xuliqanlıq” ittihamlarından istifadə edib”, deyə AŞPA məruzəçiləri qeyd edirlər.

TURAN