Ramiz Mehdiyev- Məğlubiyyətin etirafı yoxsa revanş?
Təhlükəsizlik Şurasının üzvü, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin karantin qadağalarının tətbiq edildiyi günlərdə nəvəsinə toy mərasimi keçirməsi ilə bağlı başlayan müzakirələrə son günlər onun verdiyi reaksiyaları izləməkdəyik. R.Mehdiyev kürəkəninin inzibati həbsinə, ona qarşı hökumətyönlü mediada aparılan anti-təbliğata bir neçə məqalə ilə cavab verib.
.
***
Ramiz Mehdiyev nə istəyir, niyə yazır, hansı mesajları verməyə çalışır?
.
İlk növbədə Prezident Administrasiyasına 25 il rəhbərlik edən Ramiz Mehdiyev özünə qarşı hücumların səbəblərini anlamağa çalışır. O, hesab edir ki vəzifəsini kifayət qədər məsuliyyətlə və uğurla yerinə yetirib. Ona cızılan çərçivəni aşmayıb. Mövcud hakimiyyətin möhkəmlənməsinə töhfə verib, Heydər Əliyevə və İlham Əliyevə ən etibarlı silahdaş kimi kömək edib.
İndi üzləşdiyi gözlənilməz münasibətin yaratdığı çaşğınlıq, narahatlıq və məğlubiyyət ovqatı onun məqalələrində açıq sezilir. Mehdiyev məqsədyönlü şəkildə “savaş” müstəvisinə çəkildiyini anlayır. Özünə qarşı sistemli hücumların hardan və niyə təşkil olunduğunu bilir. Kürəkəninin inzibati həbsinin ona sonuncu xəbərdarlıq mesajı olduğunun fərqindədir. Akademiyada faktiki işini icra etmək əvəzinə siyasətlə bağlı yazması bu qeyri-müəyyənlikdən çıxmaq üçün özünümüdafiə cəhdidir.
R.Mehdiyev ömrünün sonuna qədər öz amallarından və sədaqətindən əl çəkmək niyyətində olmadığını deməklə özünü daha sərt münasibətdən qorumağa çalışır. O, bilir ki mövcud sistem ona və yaxınlarına daha qorxulu aqibət yaşada bilər. Əmindir ki ona qarşı hücumların arxasındakı siyasi iradə indi ölkədə çox şeyə qadirdir. R.Mehdiyevi və yaxınlarını bu təhlükələrdən qorumaq üçün nə daxili nə də xarici güc var.
Eyni zamanda Mehdiyev mövcud hakimiyyət komandasına və cəmiyyətə öz aqibətini nümayiş etdirməklə real mənzərəni göstərməyə çalışır. Keçmiş xidmətlərindən, statusundan asılı olmayaraq artıq heç kimin mövcud sistemdə təhlükəsiz olmadığını və aşağılayıcı aqibətdən sığortalanmadığını göstərir.
R. Mehdiyevə xaricdən və daxildən siyasi dəstək verilə bilərmi?
O, ölkənin siyasi-hərbi təhlükəsizliyini qərblə deyil Rusiya ilə sıx münasibətlərdə gördüyünü dəfələrlə bəyan etsə də bu seçim onun deyil. Rusiya ilə sıx siyasi münasibətlər R.Mehdiyevlə başlamayıb, 1993-cü ildən etibarən H.Əliyevin, sonra isə İ.Əliyevin siyasi kursu olub.
27 il öncə MDB-yə daxil olmaqla başlayan siyasi yaxınlaşma son illər daha intensiv xarakter alıb. Xüsusilə də 2016-cı il Konstitusiya dəyişikliyindən sonra R.Mehdiyevin hakimiyyətdəki mövqeləri zəifləsə də Rusiya ilə bütün sahələrdəki münasibətlər yüksələn xətlə inkişaf edib. Beynəlxalq «JARA» festivalını 5 ildir hər yay Bakıda keçirən, Rusiyanın ən böyük universitetlərinin filiallarını Azərbaycanda açan, Rusiyadan böyük həcmdə silah alan, orta məktəblərdə rusdilli təhsili təşviq edən şəxslərin R.Mehdiyevə yaxın olmadıqları hər kəsə məlumdur.
Onun Rusiyadan siyasi dəstək alması inandırıcı deyil. Rusiya öz maraqlarına uyğun hər an fərdlərə münasibətini dəyişə bilir. Azərbaycan hökümətində Rusiyanın ən yüksək orden və medallarını almış çoxsaylı vəzifəli şəxslər asanlıqla tutduqları postlardan uzaqlaşdırılıb və Rusiyadan heç bir narahatlıq səslənməyib. R.Mehdiyevə münasibətə görə də rəsmi Moskva ilə Azərbaycan hakimiyyətinin münasibətləri dəyişməyəcək.
Onun qərb siyasi dəyərlərinin ölkəyə daxil olmasına müqavimət göstərməsi də heç kəsə sirr deyil. Qərbin siyasi dairələri və demokratik institutları ilə heç bir müsbət münasibəti yoxdur və onlardan dəstək alması da real deyil.
Eyni zamanda 700 mindən çox üzvü olmasına baxmayaraq cəmiyyətdə siyasi varlığı ilə yoxluğu bilinməyən hakim partiyanın və ciddi müxalif qurumların R.Mehdiyevə siyasi dəstəyi olmayacaq.
Ramiz Mehdiyevin qurduğu sistem çökürmü?
Azərbaycanın mövcud hakimiyyət sisteminin ideoloqu və banisi H.Əliyevdir. R.Mehdiyev də onun əsas kadrlarından və “şah əsəri”ndən biri kimi bu sistemdə yüksək vəzifə tuturdu. H.Əliyev və İ.Əliyev ona nə vəzifə veribsə onu icra edib.
Akademik son məqaləsində “İxtiyarımızda olan kadrların arasından ən uğurlu seçimi etməyə çalışmışıq” deməklə, hakimiyyətin kadr bankının yaranmasında rolu olmadığına işarə vurur. Bu sistemin kadr bankını kim, harada və necə formalaşdırması qeyri-müəyyən olaraq qalır. Məhz onlara təqdim olunan kadrlar arasından seçim etmək imkanında olduqlarını ifadə etməklə kadrların uğursuzluğunun məsuliyyətini bölüşmür.
Ölkədəki mövcud ictimai-siyasi münasibətlər sisteminin formalaşması sahələrinə 25 il birbaşa rəhbərlik edən 82 yaşlı akademikin hakimiyyət daxilində təsir gücü 2018-ci ildən etibarən tamamilə minimuma enib. Onun bu vəziyyətlə barışması, heç bir müqavimət göstərmək gücündə olmaması açıq görünürdü. Sanki hansısa maraqlı dairələr onu bu müzakirəyə sürükləməyə nail oldu.
Əgər Mehdiyev hakimiyyət daxilində mövqe uğrunda savaşmaq yolunu tutsaydı əlindəki önəmli faktları gizli yollarla ictimaiyyətə ötürərdi. Mehdiyev hakimiyyətin “yeni sistemi”nin növbəti qurbanları sırasındadır. Onun ətrafında yaradılan ictimai müzakirə cəmiyyətdaxili münasibətlərdə hakimiyyət üçün yeni fürsətlər açır.
Ramiz Mehdiyevin məqalələri hökumətdə narahatlıq yaradırmı?
Ölkənin bir çox sahələrində gizli böhran var. İqtisadi, siyasi, humanitar, hüquqi mühit getdikcə daralır. Seçki institutu tamamilə sıradan çıxarılıb. Cəmiyyətdə ayrıseçkilik, təbəqələşmə, yoxsulluq, inzibati zorakılıq artır. Bütün instansiya məhkəmələrində ədalətin bərpa edilməsindən çox ədalətsizliyin artması müşahidə edilir. Aşağı və orta təbəqədən olan insanlar mövcud durumdan təngə gəlib. Dövlət-vətəndaş münasibətlərində gərginlik artıb. Hakimiyyətin inzibati və təbliğati resursları ictimai-siyasi proseslərin yönünü dəyişə bilmir. Həmçinin post-sovet məkanında müşahidə edilən siyasi canlanma və Qarabağ ətrafında yaranmış hərbi-siyasi gərginlik hakimiyyətə və cəmiyyətə öz psixoloji təsirini göstərir.
Pandemiyanın yaratdığı gərginlik və neft gəlirlərinin azalması şəraitində hakimiyyətin narahatlığı artsa da diqqəti əsas məsələlərdən yayındırmağa nail ola bilir. Analizlər göstərir ki Ramiz Mehdiyevin fəaliyyəti hakimiyyət üçün heç bir ciddi risk yaratmır və yarada bilməz.
.
Nəsimi Məmmədli
.
ASTNA.biz