Bayden İsrail və Ukraynaya dəstək üçün 100 milyard dollar istədi
ABŞ prezidenti Co Bayden Vaşinqtonun mühüm müttəfiqinə dəstək göstərmək üçün Tel-Əvivə səfərindən qayıdandan bir gün sonra cümə axşamı Oval Ofisdən çıxışı zamanı Ukrayna və İsrailin müharibə səylərini maliyyələşdirməyə davam etmək üçün Amerika xalqına birbaşa müraciət etdi.
Hər iki münaqişədəki vəhşiliklərə diqqət çəkən Bayden bildirdi ki, HƏMAS və Rusiya prezidenti Vladimir Putin fərqli təhdidləri təmsil etsələr də, onların ortaq cəhəti var.
“Onların hər ikisi qonşu demokratiyanı məhv etmək istəyir,” o dedi.
Hər ikisinin qarşısını almağı vəd edən Bayden vurğuladl ki, “tarix bizə öyrədib ki, terrorçular terrorlarına görə bədəl ödəməyəndə, diktatorlar aqressiyalarına görə bədəl ödəməyəndə, onlar daha çox xaos, ölüm və dağıntıya səbəb olur.”
Bayden Konqresə “kritik tərəfdaşlarımızı dəstəkləmək üçün Amerikanın milli təhlükəsizliyini” maliyyələşdirmək məqsədilə qeyri-ənənəvi hökumət proqramlarını maliyyələşdirən “əlavə maliyyələşdirmə” ilə bağlı təcili büdcə təklifi göndərəcəyini söylədi.
“Bu, nəsillər boyu Amerikanın təhlükəsizliyinə fayda qazandıracaq ağıllı bir investisiyadır,” Bayden əlavə etdi, amma tələb etdiyi məbləği açıqlamadı. Müxtəlif media xəbərləri anonim danışan rəsmilərə istinadən bunun ümumilikdə 100 milyard dollara çata biləcəyinə işarə edib.
Bayden dinləyiciləri əmin etdi ki, ABŞ İsrailin HƏMAS militant qrupunun oktyabrın 7-də 1400-dən çox israillinin ölümü, 200-dən çoxunun girov götürülməsi ilə nəticələnən hücumuna hərbi cavabına sarsılmaz dəstək verəcək.
İsrail hücuma cavab olaraq havadan zərbələr endirib ki, bu da Qəzzada, əksəriyyəti fələstinli ərəblər olmaqla, 3000 insanın ölümünə, bir milyondan çoxunun didərgin düşməsinə səbəb olub.
Bayden İsraildə müharibə zamanı ora səfər edən ilk Amerika prezidenti olaraq Tel-Əvivə qısa səfəri zamanı verdiyi mesajı təkrarladı: Birləşmiş Ştatlar, onillərdir etdiyi kimi, İsrailin keyfiyyət baxımından hərbi üstünlüyünü təmin edəcək.
“Biz Dəmir Qüvvənin İsrailin üzərindəki səmanı qorumağa davam edəcəyindən əmin olacağıq,” o, İsrailin 2011-ci ildə raketlərin qarşısını almaq üçün qurduğu hava hücumundan müdafiə sisteminə istinad edərək dedi.
Ukrayna ilə bağlı o, ölkənin suverenliyi, ərazi bütövlüyü və demokratik gələcəyinin müdafiəsinə dəstəyini təkrarladı.
“Biz geri çəkilsək və Putinə Ukraynanın müstəqilliyini silməyə imkan versək, dünya boyu potensial aqressorlar eynisini etməyə cəsarətlənəcək” o iddia etdi. “Münaqişə və xaos riski dünyanın başqa hissələrində, Hind-Sakit Okean, yaxın Şərqdə yayıla bilər”
O, cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdığını bildirdi.
Lidersiz Nümayəndələr Palatası
Maliyyə təklifi Demokratların nəzarət etdiyi Senatda ikitərəfli dəstəyə malikdir. Təklif həmçinin Nümayəndələr Palatasında da təsdiqlənməlidir ki, orada bəzi qanunvericilər sonu görünməyən xarici müharibələri dəstəkləmək üçün milyardlarla dollar pul göndərməyə tərəddüd edirlər.
Məsələləri qəlizləşdirən isə odur ki, Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatası keçmiş spiker Kevin MakKartinin vəzifəsindən çıxarılmasından iki həftə sonra hələ də lidersizdir. Nümayəndələr Palatası qanun layihələrini, o cümlədən Baydenin müharibənin maliyyələşdirilməsi ilə bağlı təklifini təsdiq edə bilmək üçün spiker seçməlidir. Ancaq hələ ki, heç bir Respublikaçı spikerlik üçün tələb olunan 217 səsi toplaya bilməyib.
Baydenin irəli sürdüyü maliyyə təklifi Vaşinqtonun onsuz da hər il İsrailə verdiyi 3 miilyard dollara əlavədir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri Bayden administrasiyası bu ölkəyə 75 milyard dollar dəyərində yardım göndərib ki, buna humanitar, maddi və hərbi dəstək daxildir.
Bayden bu həftə CBS televiziya kanalının “60 Minutes” verilişinə müsahibəsi zamanı iddia edib ki, Avropa və Yaxın Şərqdə müharibələri eyni zamanda maliyyələşdirmək “dünya tarixinin ən güclü ölkəsi” olan Birləşmiş Ştatların öhdəsinə götürməsi üçün böyük bir şey deyil.
Ancaq Stimson Mərkəzində ABŞ-ın Böyük Strategiyasını Yenidən Təsəvvür Etmək Proqramının baş elmi işçisi Emma Aşford deyir ki, Vaşinqton üçün problem maddi deyil. O qeyd edib ki, Ukraynaya ümumi yardım müdafiə büdcəsinin cüzi bir hissəsinə bərabərdir.
O Amerikanın Səsinə deyib ki, problem hərbi imkanlarla əlaqədardır, xüsusilə də Ukraynada və Tayvanda potensial fövqəladə vəziyyət üçün lazım olan müəyyən silah sistemlərinin üst-üstə düşməsi.
“İsrail və Ukraynanın ehtiyacları çox üst-üstə düşmür, amma artilleriya mərmiləri kimi xüsusi imkanlar problematik olacaq,” o deyib.
Strateji baxımdan Qəzzada müharibə Vaşinqtonun diqqəti və prioritetlərinə əlavə təzyiq qoyacaq.
“Bayden administrasiyası ABŞ-ı Yaxın Şərqdən uzaqlaşdırmaq və diqqətini Çinə yönəltmək üçün Rusiyanı “park etmək” qətiyyəti ilə vəzifəyə gəldi,” o deyib. “Ancaq hazırda Ukraynanı Rusiyaya qarşı silahlandırmağa və potensial olaraq Yaxın Şərq müharibəsinə qayıtmağa cəlb olunmuşuq.”
Amerikanın səsi