Qarabağda aşkar olunan sursatların bir qismi 2021-ci ildə Rusiyada istehsal edilib
Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
“Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərindən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib. Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Müdafiə Nazirliyi məlumatda silahların satın alındığı “istehsalçı dövlətin” və “üçüncü dövlətin” adını çəkməyib. Lakin sursatların üzərindəki yazıların rus dilində olması, onların Rusiyadan alındığını göstərir. Bu o deməkdir ki, Rusiyanın Qarabağda “Sülhməramlı kontingenti” olduğu dövrdə də, Moskva Ermənistanı silahlandırmaqda davam edib.