İsa Qəmbər və Arif Hacılı Varşavada önəmli görüşlər keçiriblər
“Bugün Polşanın paytaxtı Varşavada Şərqi Avropa və postsovet ölkələrində müstəqillik uğrunda sovet rejiminə qarşı ümumxalq hərəkatlarının liderlərinin qatıldığı konfransda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə birlikdə Azərbaycan milli-azadlıq hərəkatının təmsilçiləri olaraq iştirak etdik”.
Bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb.
“Çox maraqlı keçən tədbirdə Polşanın həm öz, həm də digər ölkələrin azadlıq hərəkatının təmsilçilərinə yüksək önəm verməsi diqqətimizi cəlb etdi.
Şəkillərdə gördüyünüz kimi öz xalqlarının azadlığı uğrunda mübarizədə həyatını fəda etmiş şəxsiyyətlərin, o cümlədən Əbülfəz Elçibəy və Tofiq Qasımovun böyük fotoları mərkəzi tribunanın qarşısında nümayiş etdirilirdi.
Hər ikimiz konfransda çıxış edib müzakirə edilən mövzularda Müsavat Partiyasının və Azərbaycanın mövqeyini açıqladıq” – deyə, İsa Qəmbər qeyd edib.
MSDM rəhbəri keçirilən görüşlər barədə də məlumat verib: “Müxtəlif ölkələrdən, o cümlədən Polşa, Ukrayna, Gürcüstan, Baltik ölkələri xalq hərəkatının liderləri, həmçinin Krım Tatarları və Çeçenistanın tanınmış təmsilçiləri ilə görüşlərimiz və müzakirələrimiz oldu. Varşavada bu beynəlxalq tədbir sonrakı günlərdə davam edəcək”.