Bakı Tehranı Mehdi Sübhaninin təxribat xarakterli bəyanatı ilə bağlı tədbir görməyə çağırır
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat zarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səsləndirdiyi qərəzli fikirlərə dair şərhində bildirilir.
Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir. Belə ki, sözügedən görüş zamanı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünü təmin etdiyini, Qarabağın yenidən Azərbaycana qovuşduğunu sevinclə qeyd edib.
İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk.
«İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik», – deyə Hacızadə vurgulayıb.
Qeyd edək ki, İran prezidenti Rəisi Azərbaycanın dövlət başçısı İlham Əliyevi Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edib və onun bərpasına kömək etməyə hazır olduğunu bəyan edib.
Ertəsi gün İranın Ermənistandakı səfiri Mehdi Sobhani CivilNet-ə müsahibəsində əslində İran prezidentinin sözlərini təkzib edib.
“Biz beynəlxalq qaydalar çərçivəsində Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ əhalisinin hüquqları itiriləcək. Dağlıq Qarabağ xalqının hüquqlarına hörmət edilməli və onların öz müqəddəratını təyin etmək hüququ olmalıdır. Bu, Azərbaycanın gözardı edə bilməyəcəyi faktdır”, – deyə Sobhani bildirib.
O, Zəngəzur dəhlizi mövzusuna toxunaraq deyib ki, İran əlaqə kanallarının bərpasının əleyhinə deyil, Ermənistanın nəzarətindən kənarda yolların olmasını qəbuledilməz hesab edir.
“Biz Ermənistanın suverenliyindən kənara çıxan və Ermənistanın müstəqilliyini şübhə altına alan o kommunikasiyaların əleyhinəyik”, – deyə Sobhani bildirib.