Arif Hacılı və İsa Qəmbər Avropa Parlamentində: “Təkliflərimiz tədbirin sənədinə daxil edildi”
Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Avropaya səfəri davam edir.
Noyabrın 13-də onlar Brüssel şəhərində Şərqi Avropa və postsovet məkanında xalq hərəkatı liderləri olmuş siyasət və dövlət xadimləri ilə birlikdə Ukraynanın Avropa İttifaqındakı nümayəndəliyini ziyarət ediblər.
“Orada keçirilən toplantıda Azərbaycan ictimaiyyəti və Müsavat Partiyası adından Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə münasibətimizi bildirdik. Şəhər mərkəzində Rusiyanın işğalçı siyasətinə qarşı təşkil olunmuş aksiyada iştirak etdik” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Noyabrın 14-də isə Avropa Parlamentində postsovet və Şərqi Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı mövzusunda toplantı keçirilib.
Avropa Parlamenti üzvlərinin də qatıldığı toplantıda İsa Qəmbər və Arif Hacılı çıxış ediblər.
“Ermənistan nümayəndələrinin də iştirak etdiyi müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair bizim təkliflərimiz əksəriyyət tərəfindən müsbət qarşılandı. Bu təkliflər toplantıda qəbul edilən memorandum sənədinə daxil edildi” – deyə, Müsavat başqanı vurğulayıb.
Avropa Parlamentinin iclas zallarından birində keçirilən toplantıda bütün postsosialist məkanının indi həyatda olmayan siyasi dissidentləri ilə yanaşı Azərbaycan Xalq Hərəkatı liderləri Əbülfəz Elçibəy və Tofiq Qasımovun da portretləri nümayiş etdirilib.
Səfər zamanı Arif Hacılı və İsa Qəmbər Müsavat üzvlərinin Avropada yaratdığı AKM və “Prometey” təşkilatlarının rəhbər şəxsləri ilə də görüşüblər.
Basta