Məhkəmə Ülvi Həsənli və Sevinc Vaqifqızını həbs edib
Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Nəşrin baş redaktoru Sevinc Vaqifqızı da eyni müddətə həbs edilib.
Hər ikisi onlara qarşı irəlü sürülən xarici valyuta qaçaqmalçılığı ittihamlarını rədd edib.
Vəkillər Elçin Sadıqov (Vaqifqızını müdafiə edir) və Zibeydə Sadıqova (Həsənlini müdafiə edir) jurnalistlərə bildiriblər ki, müvəkkillərinə qarşı ittihamlarınn hüquqi əsası yoxdur.
Həbs qərarlarından apellyasiya şikayəti veriləcək.
Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunurlar. Bu maddə 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur.
Bazar ertəsi səhər saatlarında Abzas onlayn nəşrinin direktoru Ülvi Həsənli yoxa çıxıb. Həmkarları onun saxlanıldığını ehtimal edirlər.
Nəşrin baş redaktoru Sevinc Vaqifqızının Turan-a verdiyi məlumata görə, Həsənlinin bu gecə xaricə uçuşu olmalı idi, amma o, təyyarəyə minməyib: “Səhər saat 4:30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm”.
S.Vaqifqızı qeyd edib ki, ehtimal edilən həbsin səbəbi Ülvi Həsənlinin peşə fəaliyyəti, xüsusən Abzas Media-nın yüksək vəzifəli məmurların ailə üzvlərinin biznesi haqqında araşdırmalarıdır.
DİN-dən şərh almaq mümkün olmayıb. Lakin vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, Ülvi Həsənli saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsindədir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.