Azərbaycan parlamenti noyabrın 21-də Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının S.3000 qanun layihəsini  təsdiqləməsi ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, bəyanatı Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib.

“Azərbaycan parlamenti Senatın 15 noyabr tarixli qərarını rədd edir. Amerikanın belə addımları regionda sülhə, sabitliyə zərbə vurur”, – o vurğulayıb.

Bəyanatda daha sonra da deyilir: “ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi, təəssüf ki, yenidən etmiş olub”.

Birləşmiş Ştatlar Senatı Azərbaycana hər cür hərbi yardımı qadağan edəcək qanun layihəsini qəbul edib. Bu layihə 2024-2025-ci maliyyə illərində Azərbaycana yardımla bağlı administrasiyanın Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dondurmaq səlahiyyətini aradan qaldırır.

Noyabrın 15-də qəbul olunmuş bu layihə Nümayəndələr Palatasına təqdim olunacaq, daha sonra qanuna çevrilməsi üçün ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Azadlığa Dəstək Aktına 907-ci düzəliş 1992-ci ildə elə bu qanunla birlikdə qəbul olunub, Birləşmiş Ştatların Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edir. Ancaq sonradan konqresmenlər bu düzəlişi dəyişərək prezidentlərə terrorçuluğa qarşı əməliyyatlarda Azərbaycana hərbi yardım imkanı yaradıblar.

ABŞ diplomatının dedikləri və XİN-in reaksiyası

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen (James O’Brien) dinləmə zamanı deyib ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti “əvvəlki kimi” olmayacaq.

Diplomat Azərbaycana, lazım gələrsə, mümkün təzyiqlərdən, ABŞ-ın Bakıya təhlükəsizlik yardımı göstərməsini qadağan edən 907-ci düzəlişin son onilliklərdə ilk dəfə olaraq dondurulmamasına baxılmasından danışıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu bəyanatlara sərt reaksiya verib, ikitərəfli münasibətlərə “zərbə” kimi dəyərləndirib. XİN noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə nümayəndə heyəti göndərməyəcəyini bildirib.

XİN amerikalı diplomatın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması ilə bağlı şərhinə də münasibət bildirib, ABŞ-ın həmin düzəlişin icrasını 2001-ci ildə 11 Sentyabr hücumlarından sonra müvəqqəti dayandırdığını, Azərbaycanın Əfqanıstanda ABŞ ilə “çiyin-çiyinə” mübarizə apardığını xatırladıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu