Belarus müxalifətinin liderlərindən biri itkin düşüb
Belarus müxalifətinin fəal üzvlərindən olan Mariya Kolesnikovanın bazar ertəsi Minskdə prezident Aleksandr Lukaşenkoya qarşı nümayişlərin beşinci həftə davam etdiyi vaxt naməlum şəxslər tərəfindən aparıldığı bildirilib.
Anastasiya adlı bir şahid bazar ertəsi Belarusun Tut.by saytına Kolesnikovanın mülki geyimli şəxslər tərəfindən məcburən mikroavtobusa salınaraq, aparıldığını gördüyünü deyib.
Kolesnikova Belarusda avqustun 9-da Lukaşenkoya qalib gəlmək üçün müxalifətin Koordinasiya Şurasında bir araya gələn üç qadından biridir. Lukaşenko seçkilərin qalibi elan edilsə də, müxalifət partiyaları, eləcə də ABŞ və Avropa Birliyi seçkilərin ciddi şəkildə saxtalaşdırıldığını bildirir.
Kolesnikovanın müttəfiqi Olqa Kovalkova rəsmilərin təzyiqi altında ölkədən çıxartmaq məcburiyyətində qaldığını deyərək, Polşaya gedib. Belarusun müxalifət lideri Sviatlana Tixanovskaya isə özünün dediyi kimi təhlükəsizliyinə görə seçkidən sonra uşaqları ilə birlikdə Litvayadadır.
Amerikanın Səsinə verdiyi müsahibədə Tixanovskaya Lukaşenkonun bundan imtina etməsinə baxmayaraq, yeni seçkiləri təşkil etmək üçün çalışdığını deyib.
“Planımız tamamilə aydındır. Bu, yeni ədalətli və şəffaf seçkilərin təşkilidir” – deyə, o bildirib.
Həftə sonu nümayişlərdə iştirak edən on minlərlə insan əllərində müxalifətin qırmızı və ağ rəngli bayraqlarını dalğalandıraraq, “get” və “sən siçovulsan” şüarları səsləndirib.