Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Bu gün, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıyır.

Bu il də koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlər keçirilmir.

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkədəki hesabında paylaşım edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı keçmiş Sovet İttifaqının qurduğu sərhəd dirəklərini dağıdıb.

1992-ci ildə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib.

Əbülfəz Elçibəy Həmrəylik Günü haqqında bunları deyib:

“Bu həmrəylik günü 190 il bundan öncə yağı düşmənlər tərəfindən parçalanmağa başlayan еlimizin, yurdumuzun 1989-cu ildə birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan türkünün Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, hər parçasını bir yana atdığı, yağı düşmənə «itil buradan!» dеdiyi, yüz minlərlə Azərbaycan türkünün hər iki sahildən Araza yürüdüyü, Arazın buzlu suyundan cənnət suyu kimi bir-birinin üstünə çilədiyi, əl-üzlərini yuyub ondan doyunca içdiyi sеvincli, şərəfli bir gündür. Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür! Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır! Bu gün Azərbaycan türkünün birlik və bərabərliyini gеrçəkləşdirəcək zamanın ilk doğuş günüdür. Bu birliyə rəhmətlik İsmayıl bəy Qaspiralı «dildə, fikirdə, işdə birlik», bu bərabərliyə rəhmətlik Məhəmməd Əmin bəy Rəsulzadə «müsavat» dеmişlər. Biz bu birliyə və bu bərabərliyə möhtacıq və Ulu Tanrının buyruğu ilə tarix bizi buna səsləyir.”

Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.

Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır.

Müsavat Partiyasının başqanı Arif Hacılı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Возможно, это изображение 1 человек

“Əziz həmvətənlərim!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə təbrik edir, sizə qarşıdan gələn 2024-ci ildə uğurlar arzulayıram.

31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi bir il əvvəl başlayan xalq hərəkatının mühüm mərhələsi oldu.

Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi.

Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.
1992-ci idə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.

Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.

Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı.

Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı. Siyasi, iqtisadi azadlıqların məhdudlaşdırılması, korrupsiyanın tüğyan etməsi ölkə əhalisinin həyat səviyyəsinin daha da pisləşməsinə gətirib çıxardı. 

Siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər davam etdi.
Belə idarəçəlik nəticəsində ölkə həm siyasi, həm də sosial-iqtisadi böhran içərisindədir.

Cəmiyyətdə təbəqələşmə daha da dərinləşir.

Amma bütün çətinliklərə baxmayaraq 2023-cü ildə xalqımızın iradəsi, əsgər və zabitlərimizin şücaəti nəticədində torpaqlarımızın tamamilə işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, Qarabağ üzərində suverenliyimizin əsasən bərpa edilməsinə nail olundu.
Bu vətənimizin, xalqımızın tarixində böyük, möhtəşəm hadisədir.
Bu böyük qələbəyə xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına nail olduq.
Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm.

Qarşıdan gələn 2024-cü ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır.

Azərbaycanın inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda ciddi işlər görülməli, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır.
Bütün siyasi məhbuslar azad edilməli, millinbirliyə nail olunmalıdır.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sürətləndirilməli,

işğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdır.

44 günlük Vətən Müharibəsi də göstərdi ki, xalqımız ən çətən, bəzən həlli kimlərəsə mümkünsüz görünən problemləri də həll etməyə qadirdir.
Ümid edirəm, inanıram ki, Qarabağ problemini həll etməyə nail olmuş xalqımız ölkəmizdə azad, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulmasına da nail olacaq.

Əziz həmvətənlər!

Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayıram”.

Basta