Azadlıq – məsuliyyətdir
İlqar Atabəyli
Macarıstanın azadlıq şairi, 1848-ci inqilabı zamanı 26 yaşında qətlə yetirilmiş Şandor Petöfi yazırdı:
Məhəbbətdən ötəri keçərəm mən canımdan,
Azadlığımçün keçərəm hətta məhəbbətimdən.
9-cu əsr yadelli düşmənlərə qarşı mübarizə aparan böyük sərkərdə Babək Xürrəmidin demişdir:
– Bir gün azad yaşayaraq ölmək, 70 il miskin qul kimi böyunduruqda sürünməkdən daha üstündür.
Bu gün Azərbaycanda hamının dilində ən çox işlənən söz azadlıq kəlməsidir. Bu gün hakimiyyətdəkilər üçün ən antipatya doğuran söz də azadlıq kəlməsidir.
Sadə Azərbaycan vətəndaşlarının məmur qorxusu olmasaydı bütün kafe-restoranların, şirkət-müəssələrin reklamlarını ,,AZADLIQ” sözü ilə bəzəyərdi.
Lakin sözü hər gün və tez-tez işlətmək insanın azad olması anlamına gəlməz. Əvvəlcə azadlıq anlayışının nə demək olduğunu müəyyətləşdirmək lazımdır. Bəzən çoxluq, xüsüsən gənc nəsil özbaşnalığı, lüt soyunub gəzməyi, ürəyi istədiyi kimi hərəkət etməyi, özündən yaşlılara sayğısız yanaşmağı azadlıq hesab edir. Hətta əxlaqdan kənar həyat tərzini də azadlığa yozanlar tapılır. Güya Avropa ölkələrində həyat tərzi belədir.
Əslində həmin şəxslərin azadlıq haqqında təsəvvür və düşüncəsi yanlışdır. Azad insan ən əxlaqlı və mənəviyyatlı insandır.
Böyük Azərbaycan filosofu Asif Ata ,,Mütləqə Inam” fəlsəfi əsərinin ,,Insan azadlığı” bölümündə insan azadlığı gerçəkliklərini göstərir: Qorxudan azad olmaq. Mənəvi xəsarətdən azad olmaq. Naqis fikirdən azad olmaq. Məkir, rəzalət və küdurət əsarətindən azad olmaq. Vətənsizlik həqarətindən azad olmaq. Inamsızlıq fəlakətindən azad olmaq. Cılız məhəbbətdən, ani mərhəmətdən, süni sədaqətdən azad olmaq. Içindəki yalanı öldürmək. Özünə qayıtmaq. Özündə cəlladı öldürmək. Təkəbbür quyusundan çıxmaq. Köləlikdən imtina. Azad azğınlıqlardan imtina. Fateh mərhəmətindən imtina. Azadlıq yanğısı…
…Azadlığın ən çox niyyətin olub, insan!
Qismətin olmayıb!
Asif Atanın azad görmək istədiyi insan bir çox naqisliklərdən imtina etməlidir. Özündə qüsur və mənəvi çatışmamazlıq daşıyan şəxs azad ola bilməz. Əsil azadlıq insanlığa xidmətdə müəyyənləşir. Antinsani hesab olunan bütün xüsusuyyət və keyfiyyətlər insan azadlığının əleyhinədir.
Biz azadlıq istəyən insanlara azadlığın böyük bir məsuliyyət olduğunu da anlatmalıyıq. Azadlıq özbaşnalıq və hərcəyılıq deyil. Öz daxilindəki naqisliklərdən imtina yoludur. Ətrafındakı ədalətsiz cəmiyyətlə döyüşməkdir. Azadlıq kamillik zirvəsidir. Əsl azad insan əsarəti qəbul etməz. Azad insan ağalığı qəbul etməz və özünü ağa kimi də aparmaz.
Özümüzü bütün mənfi xislətdən azad etməklə azad cəmiyyət qurmaq mümkündür.