Respublikaçılar “Ukraynada qələbə planı” hazırladılar: Rusiyanı necə məğlub etməli
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçıların rəhbərlik etdiyi üç komitəsi prezident Baydenin administrasiyasını Ukraynaya kifayət qədər yardım göstərmədiyinə görə sərt tənqid edib. Açıqlanan sənəddə Baydendən qətiyyətli addımlar tələb edilir.
Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol, Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers və Kəşfiyyat Komitəsinin sədri Mayk Törner tərəfindən imzalanmış sənəd “Ukraynada Qələbə Planı” adlanır. Sənədin ilk səhifəsində müasir diktatorların – Vladimir Putin, Si Tszinpin, Əli Xamneyi və Aleksandr Lukaşenkonun şəkilləri var.
https://www.youtube.com/watch?v=I2k3gDVQMEY&t=12s
Sənəddə ABŞ və müttəfiqlərinin Ukraynaya dəstəyi ilə bağlı kritik suallara cavab verilib. Müttəfiqlərin Rusiyanı məğlub etməsinin planı əks olunub.
Açıqlanan sənəd beş bölmədən ibarətdir: “Təhlükə”, “Təklif olunan qələbə planı”, “Nəzarət”, “Dəstəyin bölüşdürülməsi” və “ Ukraynaya silah verilməsində Baydenin kritik gecikmələrinin xronologiyası”.
Sənəddə deyilir ki, Rusiya, Çin, İran və onun uzantıları (Həmas və Hizbullah), eləcə də Şimali Koreyadan ibarət olan ittifaq bütün dünyada Amerikanın maraqlarına qarşı getməyə çalışır.
“Onların məqsədi ABŞ iqtisadiyyatını zəiflətmək, əsas ittifaqları dağıltmaq və yeni totalitar dünya nizamı qurmaqdır. Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsindən bəri bu qədər təhlükəli düşmənlər toplusu ilə qarşılaşmayıb – deyə, sənəddə vurğulanır”.
Sənəd müəllifləri Baydendən xüsusi planın tərtib olunmasını və Ukraynanın qələbə çalması üçün lazım olan silahların verilməsini tələb ediblər.
Sənəd müəlliflərinin fikrincə, müharibənin ilk günündən “Ukraynaya zəruri silahların verilməsi məsələsində Baydenin tərəddüdləri Ukraynanın qələbəsini gecikdirdi”.
Sənəddə qeyd olunub ki, Döyüş meydanındakı vəziyyəti dəyişmək üçün Ukraynaya ATACMS-in ən uzun mənzilli versiyası (160 yox, 300 km), F-16 təyyarələri, eləcə də artilleriya, hava hücumundan müdafiə sistemləri və zirehli texnika verilməlidir.
Komitə sədrləri qeyd ediblər ki, Ukraynada qələbəyə gedən yol, birincisi, zəruri silahların sürətlə təmin edilməsindən; ikincisi, Putin rejiminə qarşı sanksiyaların gücləndirilməsində; üçüncüsü, Rusiyanın 300 milyardlıq dondurulmuş aktivlərinin Ukraynaya verilməsindən keçir.
Mənbə: “Ukrainska Pravda”