Ülvi Həsənli həbsxanadan yazdı: “Hakimiyyətin bizə münasibəti hərbi əsirlərə olandan daha pisdir”
“Əziz dostlar, gözəl insanlar! Bayramınız mübarək, xoş illər, firavan həyat və ən vacibi hamınıza, ölkəmizə azadlıq arzulayıram.
Başda vəkillərimiz olmaqla bizi müdafiə edən, bizə dəstək olan hər kəsə – jurnalistlərə, hüquq müdafiəçilərinə, fəallara, funksionerlərə, yerli və xarici nümayəndələrə, sıravi insanlara, dostlara həbsdəki yoldaşlarım və öz adımdan təşəkkür edirəm. Ən azı belə davam edin, mümkünsə daha güclü.
Yəqin bilirsiniz, biz – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Məhəmməd Kekalov və mən tam izolyasiyadayıq. Ailələrimizlə nə telefon danışığına, nə də görüşə imkan verilir. Hətta vəkillərimizə, Ombudsmana zəng etməyə, yaxınlarımıza məktub yazmağa belə qadağa var. Ailələrimizdən gələn kitabları da bizə vermirlər. Əllərində olsa yaxınlarımızın gətirdiyi bir tikə çörəyi də buraxmazlar. Sadəcə aclıq etməyimizi heç istəmirlər deyə hələlik yeməyimizə dəymirlər.
Sözümün canı, hökumətin bizə münasibəti hərbi əsirlərə münasibətindən daha kəskindir. Onlara heç olmasa ayda bir dəfə ailələri ilə telefon danışığına şərait yaradılır, bizə isə heç o da yoxdur. Bunun səbəbi aydındır. Hökumət azad jurnalistlərə, tənqidçilərə, həqiqəti dilə gətirənlərə nifrət edir, düşmən münasibəti göstərir. Amma belə olmamalıdır. Hökumətdəkilər başa düşməlidir ki, tənqidin, azad sözün qarşısını tam almaq mümkün deyil. Haqq incələr, amma üzülməz.
Bayramınız mübarək! Möhkəm olun, sözünüzü deməkdən çəkinməyin.
Ülvi Həsənli, 30.12.2023″