Avropa Komissiyası Ukraynaya 50 milyard avro yardım ayırmaq üçün Macarıstana güzəştə gedəcək
Avropa Komissiyası Ukraynaya 50 milyard avro məbləğində hərbi yardımın ayrılmasına vetonu ləğv etmək üçün Macarıstanın bəzi tələblərini yerinə yetirməyə hazırdır. Bu barədə Financial Times-a bir neçə yüksək vəzifəli Avropa rəsmisi məlumat verib.
Yüksək rütbəli bir Macarıstan rəsmisi, güzəştlərdən sonra Viktor Orbanın vetonu ləğv etməsi ehtimalı barədə FT-nin sualına belə cavab verib: “Hələ əmin deyiləm, amma yəqin ki, bəli deyirəm.”
Məlumatlı mənbə nəşrə bildirib ki, macarlar “danışıqlara hazırdırlar”.
Dekabrın 15-də Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardım ayırmaq qərarına veto qoyub. Avropa Şurasının rəhbəri Şarl Mişel daha sonra qeyd edib ki, Ukraynaya yardıma yalnız Macarıstan qarşı çıxır.
FT yazır ki, Aİ rəsmiləri Macarıstandan yan keçməklə Ukraynanın maliyyələşdirilməsinin alternativ mexanizmlərini müzakirə ediblər, lakin belə qənaətə gəliblər ki, bu halda vəsaitlərin çatdırılması üçün daha çox vaxt tələb olunacaq.
Ukraynaya yardımın ayrılması ABŞ-da da yubanır, Konqres payızdan bəri Kiyev üçün 60 milyard dollarlıq hərbi paketlə bağlı razılığa gələ bilmir. Respublikaçılar partiyasından olan konqressmenlər, Ukrayna hərbi yardım paketinə səs vermələri müqabilində, miqrasiya siyasətinin sərtləşdirilməsini və ABŞ-ın cənub sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı müddəaların milli təhlükəsizlik qanun layihəsinə daxil edilməsini şərt qoyurlar.
Mənbə: The Financial Times