Çevriliş cəhdi?
Dadaş Əhmədli, politoloq
“Yəqin ki, siz də xatırlayırsınız, 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı… Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək… Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.” Bu sitat ölkə başçısı İlham Əliyevin İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki nitqindəndir. Elə həmin görüşdə də AXCP-yə barmaq silkələyərək bəyan etdi: “İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik.”
.
İlham Əliyevin dediklərindən belə çıxır ki, iyulun 14-15-də insanların orduya dəstək məqsədilə Şəhidlər Xiyabanı yaxınlığında, parlament binası önündə toplaşmaları ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının planlaşdırılmış aksiyası imiş, ya da bu partiya yaranmış fürsətdən istifadə edərək vəziyyəti öz xeyrinə dəyişmək və hakimiyyəti ələ keçirmək cəhdində bulunub. Elə bundan sonra da ölkə boyu cəbhəçi ovu başlayıb. Çoxlarının “nəyə görə məhz AXCP üzvlərini həbs edirlər” sualının cavabı da buradadır. Doğurdanmı, hətta qərargahı olmayan, sədri bir neçə aydır informasiya blokadasına salınan bir partiya birdən-birə özündə güc taparaq hakimiyyəti ələ keçirməyə cəhd eləsin. Yəqin ki, yox. Amma, görünür, kimlərsə İlham Əliyevi hakimiyyət daxilində olan, eləcə də, hakimiyyətdən rəsmən kənarlaşdırılmış olsalar da, təsirlərini hələ də saxlaya bilmiş şəxslərin qruplaşması ilə AXCP-nin ortaq maraqları olduğuna inandıra biliblər. Dövlət başçısının son bir ildə tez-tez təkrarlarığı “beşinci kolon” ifadəsi məhz həmin qruplaşmanın mövcudluğuna işarədir. Həmin qruplaşma və ya klanın nümayəndələrinə qarşı birbaşa ittihamlar irəli sürmək, görünür ki, İlham Əliyevə çətinlik törətdiyindən, daha zəif olan AXCP-ni günahlandırmaq və üzvlərini həbs etdirməklə “koalisiyanın” dağıdılmasına qərar verib.
.
İyul ayının 14-15-də baş verən hadisələrə birmənalı qiymət vermək çətindir. Müxtəlif şəxslər bu hadisəni müxtəlif istiqamətlərdən qiymətləndirir və şərh edirlər. Məsələn, politoloq Xaqani Cəfərli xalqın toparlanmasını yeni nəslin mobil reaksiyası hesab edərək bildirir ki, yürüşdə iştirak edən kütlənin əsas hissəsi gənclər olub. Fasebook səhifəsindəki statusunda Xaqani bəy yazır: “Bu gün ABŞ-dan Honkonqa kimi uzanan geniş çoğarfiyada baş verən ictimai-siyasi prosesləri müşahidə edən sosioloji mərkəzlər yeni sosial-demoqrafiq fenomendən, Z nəslinin meydana çıxamasından bəhs edirlər. Sosioloqlar Z nəsli dedikdə əsasən 1995-ci ildən sonra doğulan gənc nəsli nəzərdə tuturlar… Z nəsli əsas vaxtını internetdə keçirməsi, ünsiyyəti internet üzərindən saxlamağa üstünlük verməsi və sosial şəbəkələrdə qruplaşmağa meyilli olması ilə diqqət çəkir. Sosiloloqlar Z nəslinin özündən əvvəlki nəsillə müqayisədə analitik düşünmə və sürətli qərar qəbul etməsi ilə fərqləndiyini qeyd edirlər. İyulun 14-dən 15-ə keçən gecədə Abşeron yarmadasının müxtəlif istiqamətlərindən on minlərlə gəncin yürüşə çıxmasının əsas faktorlarından biri də məhz budur. Sosial şəbəkələrdə qruplaşmış gənclik məlumatları ən qısa zamanda paylaşa, müzakirə edə və qərar qəbul edə bilir. Bunun üçün daha ənənəvi təşkilatlanmaya ehtiyac qalmayıb. İyulun 14-dən 15-ə keçən gecə baş tutmuş yürüş ötən əsrdə təşkil etmək üçün ən azı iki həftə hazırlaşmaq lazım gələrdi. İndi isə Z nəsli bunu çox qısa zaman ərzində edə bilir. Bu fenomen özünü bütün dünayada göstərir.”
.
ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”a müsahibəsində 14-15 iyul hadisəsini xalqın vətənpərvər övladlarının şəhid olmasından dolayı birləşərək düşmənə cavab vermək üçün toparlandığı qənaətində olduğunu bildirdi. ADP sədri parlament önünə toplaşan hər bir insanı qəhrəman hesab etdiyini də dilinə gətirdi.
Şübhəsiz ki, bu qiymətləndirmələrin hər birində həqiqət payı var. Amma söhbət etdiyim başqa bir təhlilçi isə hadisələrin məhz əvvəlcədən hazırlanmış ssenari olduğunu, doğrudan da hakimiyyət çevrilişinin hazırlandığını, ancaq bunun qarşısının alındığını söyləyir. Onun verdiyi məlumata görə, 12-15 iyulda baş verənlər Azərbaycanın sərhədlərini aşaraq daha böyük güclərin ölkəmizdə əsaslı dəyişikliklərə nail olmaq, öz planlarını reallaşdırmaq və bu məqsədlə də hakimiyyəti dəyişməklə yeni oyun qaydaları tətbiq etmək üçün həyata keçirdikləri layihənin tərkib hissəsidir. İddiaya görə, Azərbaycanda Zimbabve hadisələrinə oxşar hadisələr baş verməli, dövriyyəyə hərbçilər girməli, şəhərin küçələrinə tanklar çıxarılmalı və hakimiyyət dəyişdirilməli imiş. Maraqlıdır ki, həmin günlərdə 1-ci vitse-prezident Mehriban Əliyevanın vəfat etməsi ilə bağlı şayiə də buraxılmışdı. Görünür ki, bütün bunlar bir mənbədən idarə olunaraq, əsaslı hazırlıq işləri görülmüşdü. Ancaq son anda planın üstü açılmış və hakimiyyət çevrilişi önləyə bilmiş (bu işdə Azərbaycana dost olan, eləcə də, hakimiyyətin dəyişməsini istəməyən ölkələrin xüsusi xidmət orqanlarının rolunun olması da mümkündür) və bundan sonra əks hücuma keçməklə rəqiblərini susdurmağa başlamışdır.
.
Hər halda, İlham Əliyevin danışığından və həyata keçirilən repressiyalardan belə qənaətə gəlmək mümkündür ki, birinci şəxsin özü də bu ssenariyə inanır. “İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var” deməklə də bütün bu qüvvələrə mesaj verir. Və bu mesaj da, deyəsən, qismən də olsa, qəbul olunub.
Davamı olacaq…
.
Basta