Rusiyada körpü partladıldı

Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib. Məlumatı “Baza” Telegram kanalı və TASS informasiya agentliyi yayıb.

“Baza” yazır ki, naməlum şəxslər martın 4-də səhər Çapayevka çayı üzərindəki körpünün dayağını partlatmağa cəhd göstəriblər. Fövqəladə xidmətlərdəki mənbə informasiyanı TASS-a təsdiqləyib.

Partlayış nəticəsində körpünün metal konstruksiyasına ziyan dəyib. “İnterfaks” mənbəyə istinadla yazır ki, körpünün dayağı dağılmayıb.

Qatarlar gecikir

TASS “Kuybışev dəmir yolu”nun mətbuat xidmətinə istinadla yazır k, insidentdən dolayı körpüdə beş sərnişin qatarının hərəkətində gecikmə yaranıb. Əməliyyat xidmətlərinin agentliyə bildirdiyinə görə, partlayışa əldəqayırma partladıcı cihazın detonasiyası səbəb ola bilərdi.

Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi də körpünün sıradan çıxması faktını təsdiqləyib.

“Təcavüzkar dövlət dəmiryol xəttindən Samara vilayətinin Çapayevsk şəhərindəki “Polimer” zavodunda istehsal olunan mühəndislik sursatları, hərbi yüklərin daşınması üçün istifadə edirdi. Dəmiryol körpüsünə dəyən ziyanın xarakterini nəzərə alsaq, ondan istifadə uzun müddət mümkün olmayacaq”, – idarənin məlumatında deyilir.

AzadlıqRadiosu