Məhəmməd Əmin Rəsulzadənin məzarı ətrafında qalmaqal: Ankaradakı abidə niyə sökülüb?

Türkiyədə yerləşən Azərbaycan Kültur Dərnəyi bu il fevralın 26-da eşidir ki, Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarı sökülüb. Onlar bir gün sonra məzarı ziyarət edərkən onun həqiqətən də söküldüyünü görüblər.

Sonradan məlum olub ki, Azərbaycanın Türkiyədəki səfirliyi məzar üzərində “abadlıq işləri aparmaq üçün” onu söküb. Azərbaycan Kültur Dərnəyi deyir ki, məzarın müəllif hüquqları onlara aid olduğu üçün, bununla bağlı Dərnəkdən izacə alınmalı idi, səfirlik isə bu icazəni almayıb.

Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə Türkiyə paytaxtında abidə-kompleks, onun məzarı üzərində 2008-ci ildə qoyulub.

Məmməd Əmin Rəsulzadə bolşevik inqilabı nəticəsində AXC dağıldıqdan sonra mühacirət etdiyi Türkiyədə, 1955-ci il, martın 6-da Ankarada vəfat edib.

Rəsulzadə
Rəsulzadənin məzarının vəziyyəti: indi (solda) və əvvəl (sağda)

“Qəbristanlığa getdim və gördüklərindən dəhşətə gəldim”, Azərbaycan Kültür Dərnəyinin başqan köməkcisi Səlcuq Önal bizə danışır.

Rəsulzadənin Ankara Cebeci Əsri məzarlığında yerləşən abidəsinin üzərindən postamentlər və məzar başında yerləşən bayraqlar götürülüb, o BBC Azərbaycancaya deyir.

Səlcuq Önal bir xeyli araşdırmadan sonra öyrənib ki, məzarlıqda Azərbaycanın Türkiyədəki səfirliyi “abadlaşdırma aparır”.

Rəsulzadənin məzarı
 

Azərbaycanın Türkiyədəki səfirliyi sosial media hesabında abidə kompleksində söküntünün onların təşəbbüsü ilə aparıldığını təsdiqləyib və bunu Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı sərəncamı ilə izah edib.

Səfirlik bildirib ki, onlar Rəsulzadənin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıblar və bu, Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə aparılır.

Ancaq Səlcuq Önal abadlaşdırmanın lüzumsuz olduğunu düşünür. “Məmməd Əmin Rəsulzadənin abidəsinin təmirə ehtiyacı yox idi. Abidənin hər bir bünövrəsi milli ruhla tikilib və biz tikintinin hər mərhələsində iştirak etmişik.” – Səlçuq Önal BBC News Azərbaycancaya bildirib.

Başqan köməkçisi abidə və məzarın yerləşdiyi sahə ilə bağlı mülkiyyət hüququnun Azərbaycan Kültür Dərnəyində olduğunu əsas gətirərək deyir ki, onlarla hər hansı müzakirə aparılmayıb və icazələri alınmayıb.

Rəsulzadənin məzarı
Azərbaycan bayrağının rənglərini əks etdirən parça ilə örtülmüş abidənin qırmızı lentini Prezident Adminstrasiyasının o vaxtki şöbə müdiri Əli Həsənov və Müsavat Partiyasının o vaxtki başçısı İsa Qəmbər kəsiblər.

Rəsulzadənin abidə-kompleksi mayın 28-si, 2008-ci ildə təntənəli mərasimlə açılıb: Azərbaycan bayrağının rənglərini əks etdirən parça ilə örtülmüş abidənin qırmızı lentini Prezident Adminstrasiyasının o vaxtki şöbə müdiri Əli Həsənov və Müsavat Partiyasının o vaxtki başçısı İsa Qəmbər kəsiblər.

Abidənin müəllifi Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncel Kırhandır.

Səlçuq Ünal hesab edir ki, Azərbaycan səfirliyinin təşəbbüsü xoş niyyətli olsa belə, bu məsələ ilə bağlı Azərbaycan Kültür Dərnəyinə məlumat verilməməsi “səhv hərəkətdir”.

Azərbaycanın Ankara Səfirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin birinci katibi Aygün Qocayeva BBC News Azərbaycancanın abadlaşdırma işlərinin Azərbaycan Kültür Dərnəyi ilə razılaşdırılıb-razılaşdırılmaması ilə bağlı sualını cavablandırmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-yə məsələni araşdıracaqlarını bildirib.

Məmməd Əmin Rəsulzadə

Azərbaycan Kültür Dərnəyinin başqanı Cemil Ünalın sosial mediada yaydığı açıqlamasında səfirliyin apardığı abadlaşdırma işləri “xəbərdarlıq edilmədən, demək olar ki, məxfi şəkildə sökülən məqbərə” kimi xarakterizə edilir.

Bu açıqlamada vurğulanır ki, 1955-ci ildə Rəsulzadənin vəfatından sonra onun məzarı Azərbaycan Kültur Dərnəyi tərəfindən qorunmuş, 2004-cü ildə məzarın yenidən düzənlənməsi ehtiyacı ortaya çıxanda yerli bələdiyyə Rəsulzadənin varislərindən birinin razılığının lazım olduğunu bildirmişdi.

“Buna görə ailənin yeganə üzvü Rəis Rəsulzadə (Resulov) Ankaraya dəvət edilmiş və əməliyyat üçün tələb olunan razılıq və etibarnamə Ankara 34-cü notariusdan alınaraq Ankara Böyükşəhər Bələdiyyəsinə təqdim edilmişdi”, – Cemil Ünalın açıqlamasında deyilir.

Azərbaycan Kültür Dərnəyinin Rəsulzadə tərəfindən yaradıldığını xatırladan Cemil Ünal vurğulayıb ki, Rəsulzadənin tarixi şəxsiyyətini və ideallarını əhatə edən “hər bir inkişafı” dəstəkləyir: “Yetər ki, qanun çərçivəsində, səmimiyyət, vədə əməl etmək və nəzakətliliklə edilsin. Təəssüflə demək istəyirəm ki, məqbərənin sökülməsində bunların heç biri həyata keçirilməyib”.

Azərbaycan Kültur Dərnəyinin başqan müavini Səlçuq Önal BBC Azərbaycancaya açıqlamasında qeyd edir ki, onlar abidənin siyasi polemika vasitəsi olmasını istəmir:

“Azərbaycan səfirliyinin etdikləri tamamilə məlumatsızlıqdır. Məhəmməd Əmin Rəsulzadənin 1955-ci il martın 6-da vəfat etdiyi gündən bəri məzarı Azərbaycan Kültür Dərnəyinin səlahiyyətli orqanları tərəfindən qorunur.”- Səlçuq Önal BBC News Azərbaycancaya bildirib.

“31 yanvar 2024-cü il tarixində başqanımız Cəmil Ünal və dostlarımız abidəni ziyarət etdilər. Biz heç bir problemin yaranmasına imkan verməzdik və lazım olanı dərhal edərdik”, – deyən Önal səfirliyin bu addımının gərəksiz olduğunu söyləyib.

Rəsulzadənin məzarı
Məhəmməd Əmin Rəsulzadənin yeganə varisi olan nəvəsi Rais Rəsulzadə 2005-ci ildə məzarla bağlı Azərbaycan Kültur Dərnəyinə vəkalətnamə verib.

2005-ci ildə Məhəmməd Əmin Rəsulzadənin yeganə varisi olan nəvəsi Rais Rəsulzadə Ankarada notarial qaydada babasının məzarının eyni məzarlıq daxilində başqa yerə köçürülməsi və məzarüstü abidəsinin inşa edilməsinə razılıq verdiyini bildirib və bununla bağlı bütün rəsmi qurum və təşkilatlarda ailəni təmsil etmək hüququnu Azərbaycan Kültür Dərnəyinə verib.

Səlçuq Önal BBC Azərbaycancaya bildirib ki, Rais Rəsulzadənin Azərbaycan Kültür Dərnəyinə notariusdan verdiyi etibarnamə qüvvədə qalır və bu məsələ ilə bağlı nə lazımdırsa, ediləcək.

Azərbaycan Kültür Dərnəyi 1949-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə tərərfindən yaradılıb.

Məmməd Əmin Rəsulzadənin Bakıdakı yeganə heykəli onun ata yurdu Novxanıda, 1993-cü ildə qoyulub. Qranitdən olan heykəlin müəllifi Cavanşir Dadaşovdur.

BBC azərbaycanca