“Süni intellektin təkmilləşməsi üçün milyonlar xərclənir”
“Elm və texnologiya inkişaf etdikcə İT istiqaməti də öz növbəsində günü-gündən inkişaf edir. Başa düşüləndir ki, bu da öz növbəsində süni intellektin ərsəyə gəlməsinə səbəb olan əsas məsələlərdəndir və süni intellekt bu günümüz üçün ən vacib texnologiyadır”.
Bunu İT məsələləri üzrə ekspert Elvin Həsənov 24media.az saytına müsahibəsində deyib.
Elvin Həsənov qeyd edib ki, bu texnologiya sayəsində insanlar bir düymə ilə vaxta qənaət edərək onlara lazım olan məlumatları əldə edə bilirlər: “Bu gün bütün sektorlarda süni intellekt inkişaf etdirilir. Lakin bu faktoru da yaddan çıxartmaq olmaz ki, süni intellektin özünü də insan yaradıb. Yəni onun da inkişafında insan faktoru mövcuddur. Hazırda süni intellektin təkmilləşməsi üçün milyonlar xərclənir. Təbiidir ki, Aİ (artificial intelligence) üzərində təkmilləşmə işləri davam etdikcə bəzi sahələr təsirə məruz qalacaq”.
Eksperin araşdırmalarına görə, fərqli sahələrdə məqalələr yazmaq, tərcümə, səyahət agentlikləri, bəzi onlayn konsultant işləri (müştəri xidmətləri) və başqaları süni intellekt tərəfindən ən çox təsirə məruz qalacaq sahələr olacaq. ERP (Enterprise Resource Plannning – Müəssisənin Resurslarının Planlaşdırılması) və tibb kimi sahələrdə indi də süni intellekt istifadə edilir və gələcəkdə istifadəsi daha da genişlənəcək.
Leyla Bayandurlu
24media.az