Söymək çıxış yolu deyil
Hal-hazırkı ictimaiyyət arasında bir təbəqə var ki, onun məktəb, gənclik dövrü SSRİ adlı bir rejimin ən qaynar dövrünə təsadüf edib. Leninin uşaqlıq şəkli ortasına vurulmuş oktyabryat nişanı, qırmızı ipəkdən kəsilmiş pioner qalstuku bizim üçün toxunulmaz əşyalar sayılırdı. Dörd bir yanımızda insanların eyni tərzdə düşündüklərinin şahidi idik. Lakin hərdən bir olurdu ki, qulağımıza hardansa sızıb gələn qəribə sözlər də çatırdı: “Amerikada adamlar meydana toplaşıb, prezidenti tənqid edir, hətta söyürlər. Bu – demokratiyadır”, deyilirdi.
O zaman bizim təsəvvrümüzdə möcüzə təsiri yaradan bu cümlə indi adi bir ifadəyə çevrilib. 70 il siyasi ömür sürmüş Sovet dövlətini mürəkkəb proseslərlə üzləşərək inkişaf edən müstəqillik dövrü əvəzləyib…
Bir yandan müstəmləkə siyasətinin nə olduğunu bilməyən indiki gənc nəslin bəzən müstəqillik, demokratiya prinsiplərini də hələ anlamadığını görürsən.
Demokratik ənənələrin hələ mövcud olmaması siyasi müxalifətin işini çətinləşdirir. Digər tərəfdən, bir qism insan var ki, müxalifət istəyəndə ki, hansısa bir işin qulpundan yapışsın, bunlar atılırlar ortalığa. Davranış və hərəkətlərindən aydın olmur ki, bu müxalifətdir, yoxsa iqtidardır. Onların asan hesab edtiyi bir üsul var – söyüş. Onlar internet məkanının imkanından istifadə edib ağzına gələni yağdırır, bununla da gerçək müxalifətin gözdən salınması, yaxud ona qarşı sərt tədbirlərə əl atılması üçün bəhanə vermiş olurlar.
Amerikanın dünya dövlətləri arasında üstünlük əldə etməsi, demokratiyanın tələb və prinsiplərinə düzgün əməl etməsi sayəsində baş verib. Yoxsa, orada da siyasətlə məşğul olanlar sağlam tənqidi bir tərəfə qoyub, arvad-uşaq söyüşünə üstünlük vermiş olsaydı yəqin ki, bizdən də betər günə qalardılar.
Bizim televiziya seriallarında bəzən güclü tərbiyəvi epizodların olduğunu görürük. Məsələn, “Ata ocağı” adlı televiziya serialında gənc oğlanın öz həyat yoldaşı və qaynanası tərəfindən aşağılanması tənbeh edilir. Evin qulluqçusu işləyən Əzizə xanım həmin gənci daim müdafiə edir və deyir: “Hətta ən pis xarakteri olan insanın belə aşağılanmasına, təhqir olunmasına Yaradan razı olmur”.
Bizim internet məkanımızda problemlərin yalnız söyüş vasitəsi həll olunacağını zənn edən adamlar gözlərini yumub ağızlarını söyüşlə, təhqirlə açırlar. Sözlərini də eləcə bitirirlər. Bunlara qulaq asarkən fikirləşirsən: işdir-şayət, belə söyüş sahibi hakimiyyəti ələ keçirsə nələr olar…
Nəzakət Muradova