Azərbaycanla sərhəddə etiraz edən ermənilər həbs edildi

Ermənistanın sərhəddə yerləşən Kirants kəndində Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxan sakinlər yolu bağlayıblar.

Modern.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin polis qüvvələri kəndə göndirilib.

Aksiyada iştirak edən 31 nəfər saxlanılıb, onlar Tavuş rayon polis bölməsinə aparılıb.

Etirazçılar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Minatəmizləmə işləri ilə əlaqədar və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında hüquq-mühafizə orqanları Kirantsda bir neçə yolu bağlayıb.

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanis Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.