Anar Məmmədlinin həbsinə AŞPA-dan reaksiya: ‘Nə indi, nə də yanvarda…’

Aprelin 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin rəhbəri Anar Məmmədli barəsində Xətai rayon Məhkəməsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Ramil Süleymanov məlumat verib.

Vəkil qərarı qanunsuz hesab etdiklərini və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur, amma ittihamı qurama sayır.

Anar Məmmədlinin həbsinə AŞPA-dan reaksiya: ‘Nə indi, nə də yanvarda…’

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Frank Şvabe Anar Məmmədlinin həbsindən sonra Azərbaycanın bu quruma qayıtmasını qeyri-mümkün hesab edir.

“Azərbaycanın Parlament Assambleyasına geriyə yolu yoxdur. Nə indi, nə də yanvarda”, – o, X platformasında öz hesabında yazıb.

Şvabe ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasını səbəb göstərərək Azərbaycan nümayəndə heyətinin AŞPA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarı olub.

2024-cü ilin yanvarında qış sessiyasında AŞPA üzvləri bu barədə qətnamə qəbul edərək Azərbaycan nümayəndə heyətinin mandatını bir illiyinə dondurub. Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etsə və insan hüquqlarının pozuntularına son qoysa, səs hüququ qaytarıla bilər.

Azərbaycan hökuməti təmsilçiləri isə bununla bağlı tənqidləri qərəzli və əsassız sayır.

Anar Məmmədlinin də qaçaqmalçılıqda günahlandırıldığı deyilir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə onun yaxınları məlumat verir.

Məmmədlinin ailə üzvləri həmçinin onun “AbzasMedia işi” üzrə prosesə cəlb edildiyini vurğulayıblar.

Onların sözlərinə görə, Məmmədlinin vəkili, hələlik, onunla görüşə bilməyib: “Anar Məmmədli gecəni Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında keçirib. İstintaqı Bakı şəhər Baş Polis İdarəsi aparır”.

Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanmasına münasibət bildirib.

“Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin – ən son isə Anar Məmmədlinin, – həbslərinin davam etməsi bizi çox narahat edir. Biz Azərbaycan hökumətini haqsız yerə həbs olunan bütün şəxsləri dərhal azad etməyə çağırırıq”, – ABŞ səfirliyinin mətbuat katibi Vanessa Zenci “Amerikanın Səsi”nin sorğusuna cavabda bildirib.

AzadlıqRadiosu