Müsavat fəalı Natiq Ulubəy direktor müavini tərəfindən öldürülüb
Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
***
İtkin düşən Müsavat Partiyasının üzvü Natiq Ulubəy (Mehdiyev) öldürülüb.
Bu haqda Bastaya DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Məlumata görə, Natiq Ulubəy Bakıdakı məktəblərdən birində çalışıb, onu həmin məktəbin direktor müavini Elsevər İslamov qətlə yetirib.
Elsevər İslamov həbs edilib. Cinayətin motivi araşdırılır.
***
Müsavat Partiyasının üzvü Natiq Mehdi (Ulubəy) üç gündür yoxa çıxıb. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, ailə üzvləri onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.
Musavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onun telefonun zəng çatmadığını, harada olduğunun öyrənilməsi üçün səylər göstərildiyini bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Elşad Hacıyev sorğumuzu araşdıraraq cavab verəcəyini bildirdi.
Qeyd edək ki, Natiq Ulubəy Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüşdü, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürdü.
Basta