Həbsdə olan jurnalist müddətsiz aclığa başlayıb – Yenilənib
Gəncə istintaq təcridxanasında saxlanılan demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) müddətsiz aclıq aksiyasına başladığını bildirib. O, qanunsuz həbsinə və birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə “qərəzli baxılmasına” etiraz edir.
Jurnalistin həyat yoldaşı Arzu Rzayeva bildirib ki, Osman Nərimanoğlu mayın 12-də 2 saylı Gəncə İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.
“Mayın 15-de günorta saatlarında Gəncə 2 saylı İstintaq Təcridxanasında Osmanla görüşdük. Bildirdi ki, təcridxana rəhbərliyi və penitensiar xidmət aclıq aksiyası barədə ictimaiyyətə və dövlət qurumlarına məlumat vermək istəmir. Daha doğrusu, Penitensiar xidmət belə hallarda təqsirləndirilən şəxsləri yox, məhkəmənin və prokurorluq orqanının maraqlarından çıxış edir” – deyə, məhbusun xanımı narazılığını ifadə edib.
Jurnalist bildirib ki, 3 gündür aclıq etsə də, onun səhhətilə maraqlanmırlar. Ona aclıq etməsi üçün qanunvericilikdə nəzərdə tutulduğu kimi şərait yaratmırlar.
“Osman hələ də kamerasında saxlanılır və aclıq etməsi digər dustaqların yanında çətinləşir. Əslində onu həkim nəzarətinə verməli, aclıq aksiyası üzrə müvafiq sənədləşdirmələr etməklə gündəlik nəzarətdə saxlamalıdırlar. Lakin təcridxanada təkadamlıq kamera yoxdur, yalnız cəza üçün nəzərdə tutulan təkadamlıq karser kameraları var ki, həmin kameralarda da başqa məhkumlar var. Təcridxananın tibb məntəqəsinin otaqları və çarpayılar isə pullu dustaqlar tərəfindən işğal olunub. Yəni, Osman tibb məntəqəsində saxlanılmalı olduğu halda, sabiq icra başçısı Alimpaşa Məmmədov kimi korrupsioner məmurlar xəstə olmaya-olmaya tibb məntəqəsinin bir otağında ayrıca lüks şəraitdə saxlanılır. Nərimanoğlu dəfələrlə aclıq etməsi barədə təcridxana rəisinə rəsmi müraciət edib. Yəni penitensiar xidmətin sözügedən məsələ ilə əlaqədar ictimaiyyətə verdiyi açıqlama yalan və məqsədlidir” – deyə, Arzu Rzayeva “Basta”ya açıqlamasında vurğulayıb.
***
Rzayevanın sözlərinə görə, həyat yoldaşı məmurların böhtanının qurbanı olub, əsassız olaraq 23 aydır həbsdədir.
“Gəncə Apellyasiya Məhkəməsi isə obyektiv araşdırma aparmır və artıq bir aydır ki, istintaqı yubadır. Həyat yoldaşım məhkəmənin ədalətli olacağına inamını itirib və ümidsizlikdən aclıq aksiyasına başlayıb”, o qeyd edib.
Bu iş üzrə apellyasiya məhkəməsinin növbəti iclası mayın 16-na təyin edilib.
Penitensiar Xidmət Amerikanın Səsinin jurnalistin aclıq aksiyasına başlaması ilə bağlı sorğusuna hələ cavab verməyib.
Osman Nərimanoğlu 2022-ci il iyulun 5-də hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs edilib. Jurnalist ittihamı saxta adlandırıb, rəhbərlik etdiyi saytın korrupsiya faktları ilə bağlı materiallar dərc etdiyinə görə Meliorasiya İdarəsinin məsul şəxsləri, həmçinin Goranboy və Göygöl rayonlarının həkimləri tərəfindən ona böhtan atıldığını bildirib.
Yanvarın 25-də məhkəmə Osmanoğlunu 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.