AXCP fəalı təcridxanada quru aclığa başlayıb
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev saxlandığı istintaq təcridxanasıda quru aclıq aksiyası elan edib.
Bu barədə Turan-a fəalın həyat yoldaşı Şahnaz Əliyeva məlumat verib.
O qeyd edib ki, Əliyev bu yolla onun əsassız cinayət təqibinə etiraz edir. Fəal deyir ki, ona qarşı irəli sürülən ittihamlar siyasi motivlərlə qurulub.
“Bu gün axşam saatlarında Elxan zəng edib dedi ki, ikinci gündür ki quru aclıq aksiyası keçirir. Amma bunun qarşısını almaq üçün ona güclü təzyiqlər var. Penitensiar xidmətin rəhbərliyi adından onu hətta ölümlə hədələyirlər”, – deyə fəalın həyat yoldaşı bildirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Elxan Əliyev 2023-cü ilin iyulunda “dələduzluq” və “saxta sənəd hazırlama ” ittihamları ilə həbs edilib.
Əliyev, ona qarşı təxribat törətdiyini bəyan edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Mayın 13-də apelyasiya şikayətinə baxılarkən Əliyev iki gündən sonra quru aclıq aksiyasına başlamaq niyyətində olduğunu bildirib.