Müsavat başqanından bayram təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı 18 Oktyabr – Milli Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi 18 Oktyabr Milli Müstəqillik Günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.
Müstəqilliyimizin bərpası günü tariximizin ən şərəfli və müqəddəs bayram günlərindən biridir.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda ötən əsrin sonlarında başlayan xalq hərəkatı nəticəsində 1991-ci il oktyab ayının 18-də parlament tərəfindən “Müstəqlllik Haqqında Konstitusiya Aktı” qəbul olundu. 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bununla çağdaş tariximizin ən şərəfli səhifələrindən biri yazıldı. Xalq hərəkatının lideri Ə. Elçibəyin rəhbərliyi altında hakimiyyətə gəlmiş demokratik qüvvələr bolşevik istilası nəticəsində süqut etmiş Xalq Cümhuriyyətinin yarımçlq qalmış ideallarını həyata keçirmək üçün ciddi islahatlara başladı. Az müddət ərzində dövlət quruculuğu sahəsində mühüm işlər görüldü, ərazi bütövlüyümüzün bərpası istiqamətində ciddi uğurlar əldə edildi, ölkəmizin siyasi, sosial-iqtisadi və milli-mədəni inkişafının əsas istiqamətləri müəyyənləşdirildi. Lakin, başlanan inqilabi islahatlar əsrin əvvəllərində olduğu kimi yenə də xaricdən idarə olunan hərbi müdaxilə nəticəsində durduruldu.
Bu gün xalqımız çox ciddi sınaqlarla üz-üzədir. Müstəqillik gününü dünyada tüğyan edən, bəşəri bəla olan pandemiya şəraitində qarşılayırıq. İnanıram ki, xalqımız bütün dövrlərdə olduğu kimi bu sınaqdan da güclü, sağlam və üzü ağ çıxacaq.
Eyni zamanda indiki günlərdə Dağlıq Qarabağ və işğal altında olan digər rayonlarımızın azad olunması üçün tarixi şans yaranıb. Azərbaycan komandanlığı tərəfindən 27 sentyabrda qoşunlarımızın bütün cəbhə boyu düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı uğurla davam edir. Şanlı Azərbaycan Ordusu zəfərlə irəliləyir və hər gün kənd və qəsəbələrmizi işğaldan azad edir.
Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz qəhrəmanlıqla şəhid olur, xain düşmənin artileriya və raket zərbələri nəticəsində dinc əhalimiz həlak olur, yüzlərlə ev dağılır. Bununla belə bu gün xalqımızın nümayiş etdirdiyi mətinlik, cəsarət, ölkədə hökm sürən həmrəylik mühiti tezliklə dövlətimizin və millətimizin qarşısında duran ən böyük problərimizdən birinin həll ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına inamımızı artırır.
Hörmətli həmvətənlər!
Sizi bir daha Milli Müstəqillik Günü münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxtlik, uğurlar və yeni qələbələr arzulayıram”.