Düşəndə
Vicdan məhbusu Hafiz Babalı məhbəsdən yazır:
Sına sən dostları, qohum-qardaşı,
Məşum bir qərarla dara düşəndə.
Yoxla sədaqəti, əhdi, sirdaşı,
Yayın ortasında qara düşəndə.
Çapardın atını sən çılğın kimi,
Anidən sayrışan qığılcım kimi.
Nə tez yoxa çıxdın bir ilğım kimi
Könlün qübar edib zara düşəndə.
Zənninə aldanıb yolunu azma,
Ömür dəftərinə qaralar yazma.
Barışma taleylə, qədərə yozma,
Qismətin çatlayıb para düşəndə.
Soruş, heç salırmı dostlar yadına,
Gəlibdir bu bikəs namərd badına.
Qaldırın badəni onun adına,
Bağçalar meyvəyə, bara düşəndə.
Hafiz, çox uzun sürməz bu intizarın,
Dəyişər növrağın, halın, güzarın.
Gülər gül-çiçəkli ömür baharın,
İş yenə kamana, tara düşəndə.