Tramp: ABŞ Ukraynada Avropa qüvvələrinə havadan dəstək verə bilər
ABŞ prezidenti Donald Tramp avqustun 19-da bildirib ki, Rusiya və Ukrayna arasında sülh razılaşması əldə olunduqdan sonra Avropa təhlükəsizlik qüvvələri Ukraynaya göndəriləcəyi təqdirdə onlara havadan dəstək verməyə hazırdır.
Tramp televiziyaya müsahibəsində deyib ki, Avropa ölkələri öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır. “Onlara kömək etməyə hazırıq, xüsusən də biz hava məkanından danışırıqsa, çünki heç kimin bizim kimi arsenalı yoxdur”, – Tramp qeyd edib. O, bu dəfə də Amerika qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.
“The Wall Street Journal” isə yazır ki, Ukrayna ərazisindən kənarda olacaq ABŞ hərbi təyyarələri Avropanın (sülhməramlı) kontingentinə hava dəstəyini təmin etmək üçün istifadə oluna bilər – ABŞ bu qüvvələri qorumaq üçün Ukrayna yaxınlığında hava hücumundan müdafiə sistemləri yerləşdirə bilər, həmçinin hərbi nəqliyyat təyyarələri Avropa qoşunlarını və hərbi texnikasını daşıya bilər.
Keçən həftə Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra prezident Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keynə Ukrayna ərazisində yerləşdirilə biləcək beynəlxalq qüvvələri dəstəkləmək üçün variantlar hazırlamağı tapşırıb.
Trampın sözlərinə görə, o, Rusiya ilə Ukrayna arasında sülh sazişinə riayət olunmasının təminatçısı kimi Avropa hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsinə Putinin razılıq verəcəyini gözləyir.
Moskva NATO qüvvələrinin belə əməliyyatda iştirakının onun üçün qəbuledilməz olduğunu israr etməkdə davam edir.
AzadlıqRadiosu