Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına buraxmadı
Mayın 31-də Bakının Nərimanov Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Bu barədə Turan-a siyasətçinin qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
“Ata məhkəmədə bildirdi ki, ittiham yalandır və siyasi hakimiyyətin sifarişidir. Dedi ki, onu hakimiyyəti tənqid etdiyinə görə təqib edirlər”, – Nigar Həzi deyib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib.
Siyasətçi əvvəllər də dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.