Azərbaycandakı çoxuşaqlılar – 110 min ailə müavinət ala bilər
Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir. Son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2024-cü il 1 yanvar tarixinə beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Çoxuşaqlı ailələrə sosial dəstək verilməsinin səbəbləri müxtəlifdir. Ekspertlər deyir ki, ıhalinin azalması cəmiyyətdə sosial sabitliyə və iqtisadi inkişafa xələl gətirir, ona görə də dövlət çoxuşaqlı ailələrə dəstək verir. Əsas hədəf doğum nisbətinin artırılmasıdır və bunun üçün əhali dəstək paketləri ilə daha çox uşaq dünyaya gətirməyə təşviq edilir.
Qeyd edək ki, çoxuşaqlı ailə anlayışı müxtəlif ölkələrə görə dəyişir. Həmçinin, çoxuşaqlı ailələrə dəstək tədbirləri də müxtəlifdir.
Pulsuz məktəbli forması, parkinq, endirimlər…
Rusiyada 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Son beş ildə Rusiyada çoxuşaqlı ailələrin sayı 27% artaraq 2,3 milyon nəfərə çatıb. Ölkədə çoxuşaqlı ailələr üçün bir çox dəstək tədbirləri mövcuddur. Bu tədbirlərə birbaşa yardımlar, subsidiyalar, kredit və vergi güzəştləri, daha tez pensiyaya çıxmaq hüquq və sair daxildir. Rusiyanın müxtəlif regionlarında isə çoxuşaqlı ailələr üçün pulsuz məktəbli forması, parkinq, endirimlər və sair dəstək formaları mövcuddur.
Ukraynada da 3 və daha çox uşağı olanlara aylıq müavinət verilir. Belarusda isə 4 uşaqlı ailələrə mənzil təqdim edilir.
Əksər Avropa ölkələrində də 3 və daha çox uşaq olan ailələr çoxuşaqlı ailə hesab edilir. Fransada “Böyük ailə” adlanan dövlət proqramı çoxuşaqlı ailələri dəstəkləməyə yönəlib. Fransada çoxuşaqlı ailələrə subsidiyalar və vergi güzəştləri verilir. Məsələn, hər bir əlavə uşaq vergiləri azaldır, ona görə də dörd uşaqlı ailələr praktiki olaraq heç bir vergi ödəmirlər. Bu güzəşt maddi gəlirindən asılı olmayaraq bütün vətəndaşlara şamil edilir.
Əlavə 110 min ailə…
Analoji sistem Almaniyada da mövcuddur. Çexiyada isə hər uşağa görə qadınların pensiya yaşı bir il azaldılır.
İsveçdə çoxuşaqlı ailələr kifayət qədər maddi yardım alırlar, yardımın miqdarı hər bir uşağın doğulması ilə artır. valideynlərin əmək haqqı yaşayış minimumuna çatmazsa, bu zaman çoxuşaqlı ailəyə mənzil, uşaqların məktəbəqədər təhsil müəssisələri və ya ərzaq məhsulları üçün xüsusi kuponların ödənilməsi ilə bağlı əlavə yardım hesablanır.
Beləliklə, Azərbaycanda da çoxuşaqlı ailə anlayışında uşaqların sayının 5-dən 3-ə endirilməsi təklif edilir. Hesablamalara görə, müvafiq dəyişiklikdən sonra ölkəmizdə 110 min ailə bu hüquqdan yararlana biləcək…