Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində iyulun 15-dən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Hazırda səfir və səfirliyin heyəti İrana geri dönüb.
Bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.
“Hal-hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək”, deyə Xarici İşlər Nazirliyi bildirir.
XİN hesab edir ki, səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücum edənin şəxsin həbs edilməsinə baxmayaraq, onun son taleyi hələ də müəmmalı qalır.