Kəlbəcərdə mina partladı – üç nəfər yaralandı
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin mətbuat xidmətləri məlumat verir ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə partlayış baş verib.
Hadisə nəticəsində Xəlifə Həsən oğlu Hüseynov (1969-cu ildə anadan olub) piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən Səməndər Əliqəmə oğlu Məmmədov (1978-ci) həmin mina partlaması nəticəsində qəlpə yaraları alıblar.
Daha sonra hadisə yerinə onlara köməyə gedən Rahim Əşrəf oğlu Qaraşov (1976-cı il) ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
“Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!”, – məlumatda deyilir
2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 370-dən çox adam yaralanıb, 70 nəfər ölüb.