Sülhməramlılara ittiham: Qarabağa yük daşıyan hər maşına görə min dollar rüşvət alırlar
Ermənistanın “Hraparak” qəzeti yazır: “Laçın dəhlizi iki aya yaxındır ki, azərbaycanlı “ekoloqlar” tərəfindən bağlanıb və beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, onun yaxın vaxtlarda açılacağı görünmür. Rusiya sülhməramlıları 9 noyabr tarixli üçtərəfli bəyannamə ilə dəhlizə lazımi nəzarəti həyata keçirməyə, təhlükəsiz və maneəsiz hərəkəti təmin etməyə borclu olsalar da, yolun açılması üçün faktiki addımlar atmırlar. Əvəzində aclıq və ya antisanitariya vəziyyətinin başlamaması üçün Artsaxa humanitar yüklərin daşınmasını təmin etməyə çalışırlar.
Ancaq öyrəndik ki, bəzi sülhməramlılar da Artsax faciəsindən varlanmağa başlayıblar və müvafiq ödəniş müqabilində yükün bir hissəsini daşıyırlar. Üstəlik, iştahları da az deyil: bir yük maşını daşımaq üçün ermənilərdən – iş adamlarından, xeyriyyəçilərdən, Artsax əhalisinə zəruri malları çatdırmağa çalışan insanlardan min dollara qədər pul alırlar. Pulun miqdarı malın qiymətindən və miqdarından asılı olaraq 20 min dramdam bir neçə yüz min darama qədər dəyişir”.
Xatırladaq ki, dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.
Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Hər gün bu yol ilə Ermənistandan Qarabağa orta hesabla 15-20 yük maşınının keçdiyi bildirilir.
Basta