MN 4 hərbçinin çimərkən zəhərlənib öldüyünü deyir

Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həyatını itirib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, iyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən kapitan Asif Emnalıyev, gizir Fərid Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuşlar Tural Səmədov və Emin Şahmarlının meyitləri aşkar edilib.

Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev Meydan TV-yə deyib ki, Qubadlı Hərbi Prokurorluğuna daxil olan məlumat əsasında Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib:

“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib. Eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Firad Əliyevin sözlərinə görə,hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir.

Meydan TV həyatını itirən hərbçilərin yaxınları ilə əlaqə saxlaya bilməyib.

 

Basta2