Tərtər işgəncələri: “Hikmət Həsənov həbs olunmalıdır, amma …”
Prokuror Tərtər hadisələrinə görə verilmiş cəzaların ağırlaşdırılmasını tələb edir
Tərtərdə yüzlərlə əsgər və zabitə işgəncə verilməsi, nəticədə onlardan bir neçəsinin ölümündə ittiham edilərək, haqqında hökm çıxarılanlardan 4 nəfərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Bunlar Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev və orada müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Ələsgərov 9 il 6 ay, digərləri isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə prosesində həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər, onların vəkilləri bir çox yüksək vəzifəli şəxsin dindirilməsi barədə vəsatət qaldırıblar. Dindirilməsi tələb olunan şəxslər müdafiə naziri Zakir Həsənov, indiki və keçmiş Baş Qərargah rəisləri Kərim Vəliyev və Nəcməddin Sadıkov, 2017-ci ildə korpus komandiri olmuş general-leytenant Hikmət Həsənov, hərbi prokuror Xanlar Vəliyev, müavini Şəfahət İmranov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəisi Mədət Quliyev, keçmiş Baş prokuror Zakir Qaralov və digərləri idi.
Məhkəmə vəsatəti təmin etməyərək, adları çəkilən şəxslərin heç birini çağırıb dindirməyə razılıq verməyib.
Təqsirləndirilənlər və zərərçəkmişlərlə yanaşı, prokurorluq da hökmdən narazı qalıb. Dövlət ittihamçısı verilən cəzaların ağırlaşdırılması üçün apelyasiya protesti verib.
Məhkəmədə prokuror protesti müdafiə edərək, cəzaların ağırlaşdırılmasını istəyib.
Daha sonra çıxış edən zərərçəkmişlərdən Rəşid Məmmədov bildirib ki, işgəncəyə məruz qalarkən gözləri bağlı vəziyyətdə olub. Ona görə də işgəncədə iştirak edənləri tanımır. Onun sözlərinə görə məruz qaldığı işgəncələr, heç bir cinayət törətmədiyi halda, həbs olunması psixoloji durumuna kəskin şəkildə mənfi təsir göstərib. Zərərçəkmiş deyir ki, sonradan bəraət almasına baxmayaraq, bir çox problem həllini tapmayıb.
Digər zərərçəkmiş Boris Cəfərov bildirib ki, xidmətdə olduğu dövrdə nəinki cinayət, hətta kiçik intizamsızlığa da yol verməyib. Buna baxmayaraq, onu vətən xaini şübhəsiylə saxlayıb, işgəncə veriblər:
“Mən hələ də o suala cavab tapa bilməmişəm ki, məni niyə vətənə xəyanətdə şübhəli bilindim? Bir manat rüşvət almamışam, bir saat işə gecikməmişəm, nizam-intizam qaydalarına həmişə əməl eləmişəm”.
Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş Süleyman Kazımovun qardaşı, zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə iştirak edən Əhəd Kazımov xüsusən general Hikmət Həsənovun, hətta şahid qismində də olsa, dindirilməməsinə etiraz edib:
“Bu işdə danışanların hamısı Hikmət Həsənovun adını çəkir. Bu adam həbs olunmalıdır. Lakin heç olmasa, çağırıb şahid kimi də dindirmirsiniz. Elə bil ki, avtobus gedir, sürücü həddindən artıq pis idarə edir. Ona deyirlər ki, belə sürmə, nəticəsi pis olacaq. O, deyilənlərə baxmır, elə sürür. Nəticədə qəza törədir, nə qədər adam ölür. O avtobusda hamını çağırıb dindirirlər, bircə avtobusun sürücüsündən başqa. Bugünkü vəziyyət ona oxşayır”.
Əhəd Kazımov əlavə edib ki, işgəncələrdə iştirakı olan, qardaşının ölümündə iştirak etmiş hər kəsin ağır cəza almasını istəyir.
Əhəd Kazımovun vəkili Sahil Abışov da Hikmət Həsənovun məhkəmədə dindirilməməsinə etiraz edib:
“Bu məsələlər araşdırılmayacaqsa, o zaman bu məhkəmə nəyə lazımdır?”
Daha sonra təqsirləndirilən şəxslərin özləri çıxış edərək, bəraət istəyiblər.
Təqsirləndirilən Rəşid Niftəliyev bildirib ki, Hikmət Həsənovun köməkçisi Fuad Ağayev hərbi hissəyə siyahı göndərib. Siyahıda adları olan hərbçilərin əvvəldən hazırlanmış köhnə qərargah binasına göndərilməsi tələb olunub. Onun sözlərinə görə, korpusdan gəlmiş əmri icra edərək, siyahıda adları olan şəxsləri göndərib:
“Heç bir işgəncədə iştirakım olmayıb”.
Rəşid Niftəliyev vurğulayıb ki, işgəncələrdə iştirak edənlər bu gün də yüksək vəzifələrdə çalışırlar. O, işgəncələrin yaşandığı hərbi hissənin komandiri Teymur Məmmədovun, Firdovsi Bəyovun adlarını çəkib.
Digər təqsirləndirilən Rüstəm Ələsgərov da təqsirsiz olduğunu bildirib və bəraət istəyib.
“Məhkəmə ittiham aktını köçürüb, hökm çıxarıb. Mənim kiməsə işgəncə verdiyimi deyən bir nəfər yoxdur, amma 9 il 6 ay iş almışam. Məni binanın mühafizəsinə göndəriblər, mən də gəlmişəm. Çöldə olmuşam. Adamın adamı olmayanda hər şeyi onun boynuna qoyarlar?”
O əlavə edib ki, özü şəkər xəstəliyindən əziyyət çəkir, azyaşlı qızı isə ağır autizm xəstəsidir.
Təqsirləndirilən Ramil Qarayev də təqsirsiz olduğunu, hərbi hissənin nəzarət-buraxılış məntəqəsində olub, heç kimə işgəncə vermədiyini bildirib.
Keçmiş hərbi hissə komandiri Vüsal Ələsgərov əmr icra etdiklərini bildirib. Onun sözlərinə görə, müdafiə naziri, Baş Qərargah rəisi, korpus komandiri səviyyəsində əmr verilmiş əmrləri icra etməmək mümkün deyildi:
“Müdafiə Nazirliyinin, prokurorluğun rəhbərliyi oradaydı, onların qarşısında mən neyləməliydim?”
Məhkəmə prosesi avqustun 5-də davam edəcək.
Tərtərdəki işgəncələrlə əlaqədar həbsdə olanlardan daha 4 nəfərə iyunda hökm oxunub. Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmuş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilib. Onlar da hökmdən narazıdır və apelyasiya şikayəti veriblər.
5 nəfərlik daha bir qrupun məhkəməsi isə davam edir. Bu qrupda Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.
Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.
Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası və Hikmət Həsənovun köməkçisi vəzifəsində çalışıb.
Tərtər işgəncələrinə görə həbsdə olan şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.
Basta2