Müsavat həbsxanalarda baş verən işgəncələrə son qoyulmasını tələb edir
Bu gün (5 Avqust) Müsavat Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər və qərarların icrası barədə məlumat verilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinin indiki mərhələsi, o cümlədən Müsavat Partiyası namizədlərinin qeydə alınması məsələsi ilə bağlı geniş müzakirə aparılıb. Müsavat Partiyası namizədlərindən 21 nəfərinin bu günə qədər namizədliyinin təsdiq olunması, digər namizədlərdən bəzilərinin namizədliyinin təsdiq olunması ilə bağlı süni maneələrin yaradıldığı qeyd olunub.
Divanda 1 saylı Bakı İstintaq Təcridxanasından gələn dəhşətli işgəncələrlə bağlı xəbər müzakirə olunub. Həbsdə olan media məhbusu Ülvi Həsənlinin göndərdiyi, mediada və sosial şəbəkələrdə geniş yayılan məlumatında məhbusların çarmıxa çəkilib döyüldüyü, dəhlizlərdəki “reşotka”lardan asıldığı deyilir.
Müsavat Divanı İşgəncələr Əlehinə Beynəlxalq Konvensiyayə qoşulmuş, fundamental insan haqları ilə bağlı bütün beynəlxalq sənədləri ratifikasiya etmiş bir dövlətin həbsxanalarında məhkumlara qarşı bu cür davranışı birbaşa cinayət hesab edir, qətiyyətlə pisləyir.
Divan hakimiyyəti bu insanlığa zidd davranışların qarşını almağı, məhkumların təhlükəsizliyi ilə bağlı şəffaflığı artırmağı, qanunvericilik çərçivəsində cəzaçəkmə müəssisələrində içtimai nəzarəti təşkil etməyi, məlumatın kənara çıxarılmasının təşkil edilməsi üçün Rabitə Nazirliyi tərəfindən müstəqil poçt xidməti göstərilməsini, məhkumların vəkillərə çıxışının asanlaşdırılmasını təmin etməyi tələb edir.
Məlumata görə, 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilovun bədənində çoxsaylı yaralar əmələ gəlib. Famil Xəlilov iflic olduğundan hərəkət məhdudiyyəti var və ona baxan sosial işçi təyin edilməyib. Kamera yoldaşları da artıq ona kömək etməkdən imtina edib. Müsavat Divanı hakimiyyətdən Famil Xəlilovun xüsusi vəziyyətini nəzərə almağı, onu azad etməyi tələb edir.
Divanda Gürcüstanda həbs edilərək məhkəmə qarşına çıxarılan jurnalist Əfqan Sadıqovun da məsələsi müzakirə olunub. Jurnalistlərə qarşı təqib və həbs hərəkətləri pislənib. Divan hakimiyyəti bir daha bütün siyasi məhbusları azad etməyə çağırır.
İclasda ölkədə və dünyada baş verən proseslər müzakirə olunub.
Sonda cari məsələlərə baxılıb.
Basta2