Bağçalarda 7 min tərbiyəçi məktəbəqədər təhsilin nə olduğunu bilmir
Oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq və 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur
Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu proses axır-əvvəl olmalı idi:
“Keçən il bununla bağlı araşdırma aparılmışdı. Uşaq bağçalarında bütün işçi heyətin sənədləri yoxlanılan zaman məlum oldu ki, 6 min nəfərə yaxın müəllim bağçada işləməyinə baxmayaraq məktəbəqədər təhsil üzrə oxumayıb. Onlar müxtəlif ixtisasları bitirsələr də, bu sahədə çalışırlar. 800 nəfərə yaxın tərbiyəçinin isə bağçada işləmək icazəsinin olmadığı ortaya çıxdı. Belə neqativ hallar zamanla bağça sektorunda üst-üstə yığılıb qalıb. Bu məsələ ilə bağlı iş görmək lazımdır. Onlar kənarlaşdırılmalıdırlar ki, övladlarımızın təhsilinə zərər vurmasınlar və zamanda özlərinə uyğun sahəyə yönəlsinlər. Təhsil ciddi məsələdir, burada onlara ümid yoxdur. Vaxtilə məktəbəqədər təhsilə önəm verilmədiyindən sahə ilə əlaqəsi olmayan insanlar buraya doluşublar”.
Şura üzvü qeyd edib ki, məktəbəqədər təhsil çox vacibdir, hər şey buradan başlayır:
Ətraflı
“Məktəblinin uğurlu olması üçün məktəbəqədər təhsil uğurlu olmalıdır. Bu gün hamı məktəbdən şikayət edir. Amma heç kimin ağlına məktəbdən əvvəlki illərə baxmaq gəlmir. Buradakı problemlər aradan qalxmalı, keyfiyyət yerinə oturmalıdır. Ondan sonra görəcəyik ki, məktəblər özü düzələcək. Davranış problemi olan uşaqlara görə hamı məktəbi qınayır, uşaqların oxuma-yazma bacarığı aşağı olanda məktəbi qınayırıq, fənn olimpiadasının nəticələri zəif olur, yenə məktəbi qınayırıq. Heç kimin ağlına daha əvvələ baxmaq gəlmir. Bağça təhsilində vəziyyət heç yaxşı deyil”.
R.Dünyamalıyevin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən 12 min civarında müəllimin 7 minə yaxını məktəbəqədər təhsilin nə olduğunu bilmir:
“Onlar elə bilir ki, uşağı yedizdirdin, yatızdırdın, nəzarət etdin – bunlar məktəbəqədər təhsil oldu. Bu doğru deyil. Dünya bu mərhələni çoxdan keçib. Dünyada uğur əldə etmiş ölkələrdən danışırıq, amma onların təməlinə baxmırıq. Dünya ölkələrində bağçaya gedən uşaqlar ümumi uşaqların 90%-nə bərabər olduğu zaman bizdə 35%-dir. Onun da 10%-ə yaxını məktəbdə açılan hazırlıq sinifləridir. Bu çox ciddi məsələdir, biz problemin fərqində deyilik. Hər kəs gələcək barədə qayğılıdır. Ölkənin iqtisadi-sosial gələcəyi hər kəsi narahat edir, amma bu məsələyə baxan yoxdur. Ona görə də diaqnostika vacibdir, hətta gecikmiş addımdır. Bağçalar 3 ildir Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib, bu addım daha əvvəldən atılmalı idi. Bu qədər işçini yoxlamadan keçirmək və onlarla bağlı qərar vermək asan deyil. Amma düzgün yetişdirilməyən uşaqların davranışları, vərdişləri neqativ şəkildə formalaşır. Biz bilməliyik ki, bu sahədə kimlə işləyirik. Mən də bu sahənin içindəyəm, bu addımı dəstəkləyirəm. Neqativ nəticələr çıxacaq, amma ən azı biləcəyik ki, keyfiyyətli məktəbəqədər təhsili təmin etmək yolundayıq”.
Müsahibimiz sonda qeyd edib ki, neçə illərdir bu sahə üzrə universiet bitirən gənclər iş tapa bilmirlər:
“Belə diaqnostikalar, qiymətləndirmələr aparılsa, uyğun olmayan şəxslər sahədən kənarlaşdırılar. Bu da həmin ixtisas üzrə təhsil alan şəxslərin iş tapmasına imkan yaradar. Gənclər universiteti bitirəndən sonra çalışa bilmirlər. Həmin məzunlar ya oturub gözləyir, ya da tamam başqa sahədə çalışırlar. Ona görə də mən bu addımı dəstəkləyirəm”.