Gürcüstanda seçkilərin nəticələri
Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Proporsional sistem üzrə keçirilən seçkidə 150 mandat uğrunda 18 siyasi partiya və blok mübarizə aparıb. Məntəqələrin əksəriyyətində səslərin elektron sayılması nəzərdə tutulub.
Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət blokuna 37,78 % səs verilib, o cümlədən:
“Dəyişiklik Koalisiyası” 11,04 %; ”Birlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya – Gürcüstan üçün” 7,77 %.
***
Gürcüstanın hakim partiyası parlament seçkilərində seçki məntəqələrinin 99,64 faizinin nəticələrini hesabladıqdan sonra 54,08 faiz səs toplayıb – MSK.
Dörd müxalifət partiyası cəmi 37,5% səs toplayır, o cümlədən:
“Dəyişiklik Koalisiyası” – 10,82%
“Birlik Milli Hərəkatı” – 10,12%
“Güclü Gürcüstan” – 8,78%
“Qaxariya Gürcüstan üçün” – 7,76%
***
Mərkəzi Seçki Komissiyası indiyədək 3018 seçki məntəqəsinin məlumatlarını (səslərin 97 faizi) hesablayıb.
MSK-nın məlumatına görə, “Gürcü arzusu” 54 faiz səs toplayıb.
Müxalif seçki blokları 38 faiz səs toplayıb:
“Dəyişiklik Koalisiyası” – 10,8% (216 691 səs);
“Birlik-Milli Hərəkat” – 10,07% (201 937 səs);
“Güclü Gürcüstan” – 8,7% (174 921 səs)
“Qaxariya Gürcüstan üçün” -7,72% [154,916 səs]
Bu göstəricilər Edison Research şirkətinin keçirdiyi exit poll-un nəticələri ilə üst-üstə düşmür. Buna istinad edən bəzi müxalif partiyalar seçkilərin saxtalaşdırıldığını iddia edirlər.
***
MSK-nın yaydığı rəsmi məlumata görə, saat 17:00-dək 50,6% seçici səs verib. Bu göstərici 2020 -ci ildə 45,77%, 2016-cı ildə – 42,04%, 2012 ci ildə isə 53,03% olub. Xatırladaq ki, məhz 2012-ci ildə Gurcüstanda hakimiyyət dəyişikliyi baş vermişdi.
Səsvermə saat 20:00-dək davam edəcək. Saat 22:00-dən isə ilkin nəticələrin açıqlanmasına başlanacaq.
***
Gürcüstanda seçicilərin fəallığı müşahidə olunur.
Bəzi məntəqələrdə növbələr yaranıb.
Bəzi əyalətlərdə pozuntular barədə məlumatlar gəlir. Zuqdididə “Gürcü arzusu”nun nümayəndəsi müxalifətin müşahidəçisinə hücum edib. Formula TV hücumun videosunu yayıb.
Marneulidə bir məntəqədə yerli məmur qutuya ondan çox bülleten atıb. Amma müşahidəçilər işə qarışdıqdan sonra səsvermə dayandırılıb, məntəqə bağlanıb. MSK artıq məlumat yayıb ki, həmin məntəqədəki pozuntu ilə bağlı cinayət işi başlanacaq.
Tbilisidə bütün məntəqələrdə nəzarət güclüdür, burada saxtakarlıq gözlənilmir.
Qeyd edək ki. Müsavat Partiyasının əməkdaşlıq etdiyi Respublikaçılar Partiyası parlamentə düşməyə iddialı olan 4 müxalif siyasi blokdan birində – “Dəyişikliklər üçün koalisiyada” təmsil olunur. Bu koalisiyanın siyahısında ön yerlərdən birində azərbaycanlı yazıçı Oqtay Kazımov da var. Əgər koalisiya 6-7 faiz səs toplayarsa, həmyerlimiz parlamentə düşəcək.
Müşahidəçilər hesab edir ki, bu seçkidə kimin deputat, yaxud hakimiyyət olmasından daha önəmli məsələ – Gürcüstanın işğalçı Rusiyanın caynağından qurtara bilib-bilməyəcəyidir.
Video: Marneulidə 69 saylı məntəqədə yerli məmur – Şəhər nümayəndəliyinin sədr müavini seçki qutusuna topa bülleten atır.