Bayden Gürcüstanda demokratiyadan geri çəkilmədən “çox narahatdır”
Çərşənbə günü ABŞ prezidenti Co Bayden Gürcü Arzusu hökumətinin keçirdiyi parlament seçkilərilə Gürcüstanda demokratiyadan uzaqlaşmanı pisləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Bayden öz bəyanatında pozuntuların şəffaf araşdırılması çağırışlarını bir daha təkrarlayıb. O həmçinin “inzibati resurslardan sui-istifadə, habelə seçicilərin qorxudulması və məcbur edilməsilə bağlı çoxsaylı halların qeyd olunduğunu” deyib.
“Birləşmiş Ştatlar gürcü xalqını, Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avroatlantika səylərini çoxdan dəstəkləyir. Buna görə də mən son vaxtlar ölkənin demokratiyadan geri çəkilməsindən, o cümlədən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti üçün əsas azadlıqları məhdudlaşdıran Rusiya qanunlarını təkrar edən qanunvericiliyin qəbulundan çox narahatam”, – Bayden izah edib.
“Gürcüstan vətəndaşları müstəqil beynəlxalq və daxili müşahidəçilərin azad və ədalətli adlandırmadıqları bu seçkilərlə bağlı öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna malikdirlər”, – o qeyd edib.
“Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran “Xarici təsir haqqında qanun”nu ləğv etməyə və seçkilərin düzgünlüyünü bərpa etmək üçün Gürcüstandakı bütün siyasi qüvvələr ilə dərhal inklüziv dialoqa başlamağa çağırırıq. Biz bütün partiyaları Gürcüstanın Avroatlantika gələcəyinin əsası kimi qalmaya davam edən qanunun aliliyinə və əsas azadlıqlara ciddi riayət etməyə çağırırıq”,-Bayden bildirib.
Bildirilir ki, Gürcüstan hökumətinin dəstəklədiyi Mərkəzi Seçki Komitəsi çərşənbə axşamı ölkə prokurorluğundan xahiş edib ki, ölkə prezidenti və müxalifətçilərin irəli sürdükləri fırıldaqçılıq ittihamlarını araşdırsın.
Azərbaycan, Ermənistan, Türkiyə, Çin və Macarıstan daxil olmaqla, bir neçə ölkə seçkilərin nəticələrini rəsmən tanıyıblar. Seçkilərdə hakim Gürcü Arzusu Partiyası seçicilərin 54 faiz səsilə qalib gəldiyini elan edib.
Avropa İttifaqı beynəlxalq müşahidəçilərin şikayətlərinin qərəzsiz araşdırılmasına çağırıb, İsveç isə çərşənbə axşamı bildirib ki, Gürcüstan hakimiyyətilə əməkdaşlığı dayandırır.
Turan