Azərbaycanın İsraildən silah alışı: “Azərbaycan hökumətinə bağlı” şirkətlərə ödəniş iddialarında nə deyilir?
İsrailin ən böyük aerokosmik və aviasiya istehsalçısı olan İsrail Aerospace Industries (İAİ) şirkəti Azərbaycan hökuməti üçün çirkli pulların yuyulması ilə əlaqəli olduğu iddia edilən iki şirkətə ən azı 155 milyon dollar vəsait köçürüb, İsrail nəşri bildirir.
Haaretz qəzeti yazır ki, transferlər 2012-ci ildə Azərbaycan tərəfi ilə 1,6 milyard dollarlıq silah müqaviləsinin imzalanmasından bir neçə ay sonra başlayıb. Bu məlumatlar dünya boyunca bankların ABŞ-ın Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinə (FinCEN) göndərdiyi sənədlərinin sızmasından sonra üzə çıxıb.
Milli Məclisin üzvü ödənişlə bağlı iddiaların “Azərbaycan hakimiyyətinə aidiyyəti olmadığını” bildirir.
Şəxsin və ya şirkətin adının FinCen-ə göndərilən SAR-da qeyd olunması onun qanunsuz fəaliyyətlə məşğul olmaq anlamına gəlmir.
Haaretz qəzetinin məqaləsi Media və Demokratiya Mərkəzi, Shomrim-in ( Shomrim, the Center for Media and Democracy) araşdırmasına əsaslanır.
.
İddialar nədir?
İsraildə mənzillənən media qurumun araşdırmasında göstərilir ki, Azərbaycan hökuməti ilə irimiqyaslı sazişin imzalanmasından sonra IAI iki şirkətə vəsait köçürüb. Şübhəli transferlərlə bağlı “Jetfield Networks” və “Larkstone” şirkətlərinin adı çəkilir.
Bu məqamlar Deutsche Bank-ın FinCen-ə göndərdiyi “Şübhəli Fəaliyyət Hesabatı” (SAR) adlı sənədlərdə əks olunub. Almaniya bankı maliyyə əməliyyatının “aydın kommersiya məqsədi” olmadığını və bankın “bu pul köçürmələrin məqsədini müstəqil şəkildə təsdiq edə bilmədiyini” qeyd edir.
Shomrim-in araşdırmasına əsasən, “Jetfield Networks” şirkəti 2009-cü ildə təsis olunub və təqribən 3 ildən sonra onun fəaliyyəti Marşal adalarına keçirilib. Hesabatda deyilir ki, bu şirkətin benefisiarı 1961-cı il təvəllüdlü azərbaycanlı Cavid Hüseynovdur. Onun həmçinin Larkstone şirkətinin benefesiarı olduğu qeyd olunur.
.
Zahid Oruc “Hansısa bir dövlət adamının ismi keçmir”
Azərbaycan parlamentinin insan hüquqları komitəsinin sədrinin fikrincə, məqalədə söhbət ayrıca bir fiziki şəxs və ya şirkətdən gedir. Amma hətta belə olan halda, onun “hakimiyyətlə eyniləşdirilməsi” üzrə “kampaniya görməkdəyik”.
.
“Bu gün ortaya maliyyə fırıldağı, hökumətin hansısa “bir otkat” əməliyyatı kimi təqdim olunan bu məsələdə, gördüyünüz kimi, hansısa bir dövlət adamının ismi keçmir,” – BBC News Azərbaycancaya danışan Zahid Oruc deyib.
“Hərçənd ki, bir daha söyləyirəm ki, o Cavid Hüseynovu da mütləq media qurumları və yaxud istintaqçılar axtarıb tapmalıdır. Bəlkə bir çox məsələlərə o daha çox aydınlıq gətirər”.
Millət vəkili hesab edir ki, məhdudiyyətlər altında silah bazarlarına çıxış əldə edib ən müasir texnoloji alan Azərbaycanın səyləri təqdirə layiqdir. Bu arada hansısa şəxsin ya şirkətlərin “ödəniş” alması ilə bağlı müxtəlif məlumatları yayan qurumlar “məhkəmə və prokuror” rolunda çıxış edirlər.
Jetfield və Larkstone-la bağlı suallar sonrakı illərdə üzə çıxan məlumatlarla əlaqəlidir. 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən yayımlanan “Azərbaycan Camaşırxanası” (Azerbaijani Laundromat) hesabatına əsasən, Azərbaycanla yaxın əlaqədə olan şirkətlər vasitəsiylə Britaniyadakı dörd şirkətə köçürülən 2,5 milyard avro məbləğində vəsait ötürüləndən sonra yuyulub.
Araşdırmaya görə, bu vəsaitlərin bir hissəsi Jetfield üzərindən ötürülüb, Larkstone da həmin sistemin tərkibi olub. 2017-ci ildə işıq üzü görən bu hesabatdan sonra Azərbaycan araşdırmanın tamamilə əsassız və qərəzli olduğunu bildirib.
.
Araşdırmada başqa nə deyilir?
Shomrim-in hesabatına əsasən, 2012-ci ildə İAİ şirkətiylə imzalan silah müqaviləsinin detalları ilə tanış olan bir mənbə iddia edir ki, sazişdə vasitəçilik haqqı ilə bağlı ödəniş nəzərdə tutulmayıb. IAI ödənişlərin iki şirkət tərəfindən göstərilən “idarəetmə və məsləhət xidmətləri” ilə bağlı olduğunu bildirib, FinCen hesabatlarında göstərilir.
Bu məsələyə aid məqamlar Danimarkanın Danske Bankının daxili yazışmalarında əks olunur. Shomrim yazır ki, Bakıda səfərdə olmuş bankın Estoniyadakı filialının əməkdaşı Oksana Lindmets 2012-ci ilin yanvarında Bakıda Jetfield nümayəndələri ilə görüşün təfərrüatları ilə bölüşüb.
Onun email-inə əsasən, sözü gedən şirkət Larkstone da daxil olmaqla, “marketinq, araşdırma, hüquqi, maliyyə, vergi məsləhətləri və tərəfdaş tapmaqla” məşğul olan firmalaların tərkib hissəsidir. O, Jetfield-in IAI ilə müqavilələr imzaladığını qeyd edir. Jetfield-in əməliyyat həcminin 9,9 faizinə bərabər vasitəçilik haqqı alacağı da qeyd olunur.
Lindments həmçinin yazıb ki, Jetfield şirkətinin müştəriləri “Azərbaycanın müxtəlif nazirliklərinə – Müdafiə və Rabitə və s. müxtəlif xidmət və mal təklif etmək arzusunda olan beynəlxalq şirkətlərdir”.
“İAİ tərəfindən Larkstone ilə Azərbaycana ötürülmək üçün generator və yük maşınlarının alınması üçün müqavilə bağlanılıb”, Oksana Lindments-in sızmış emaillərində deyilir. Başqa bir emaildə isə o, iddia edir ki, Larkstone ola bilsin ki, Azərbaycanda İAİ adından təlim bazasının tikintisinə cəlb olunsun.
Müdafiə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən bu iddialarla bağlı şərh almaq mümkün olmayıb.
İAİ isə iki şirkətə ödənişlər edildiyi barədə mediaya sızan informasiyaya “yığcam” cavab verib, Shomrim-in saytında deyilir.
Silah istehsalçısı bildirib ki, o, qanunun müddəalarına ciddi şəkildə əməl edən hökumət şirkətidir və siyasətinə uyğun olaraq, qanunla tələb olunduğu hallar xaricində iş fəaliyyəti haqqında məlumatlara cavab vermir.
IAI iş sövdələşmələri həm şirkətin, həm də Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlıq Müdirliyi olan SIBAT-ın direktorlar şurasının təsdiqini tələb edir. Keçmiş IAI rəsmisinə əsasən, vasitəçilik komissiyasının ödənilməsi ilə bağlı qaydalar çox sərtdir, araşdırmada sabiq İAİ rəsmilərinə əsasən deyilir.
“Hər halda, söhbət etdiyimiz insanların heç biri Jetfield, Larkstone və ya Hüseynov adları ilə tanış deyildi,” araşdırmada bildirilib.
2012-ci ilin fevralında İsrailin müdafiə nazirliyi rəsmiləri Azərbaycanın bu ölkədən 1.6 milyard dollar məbləğində hava hücumundan müdafiə sistemləri aldığını təsdiqləyib.
.
FinCEN sənədləri nədir?
FinCEN sənədləri 2657 sənədi əhatə edir; bunların əksəriyyəti – təxminən 2100-ü bankların 2000-2017-ci illər arasında ABŞ rəsmilərinə – ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsinə göndərdiyi Şübhəli Fəaliyyət Hesabatı (SAR – ingiliscə) sənədləridir.
Təxminən 2 trilyon dollarlıq əməliyyatlar haqqında sızmış sənədlər dünyanın ən böyük banklarından bəzilərinin cinayətkarlıqda şübhəli hesab olunanlara dünya boyu çirkli pulları hərəkət etdirməyə necə imkan verdiyini aşkar edib.
Şübhəli fəaliyyət hesabatı (SAR – ingiliscə) bankların müştərilərinin mümkün hərəkətləri ilə bağlı narahatlığını ifadə edir.
Bu sənədlər beynəlxalq bank sisteminin ən çox qorunan sirlərindən biridir.
Banklar SAR-dan şübhəli davranış barədə məlumat vermək üçün istifadə edir, lakin onlar qanun pozuntusu və ya cinayətin sübutu deyil.
Amma qanuna görə banklar müştərilərinin kimliyini bilməlidir – yalnız SAR tərtibləyib və problemlə hüquq-mühafizə orqanları əməkdaşlarının məşğul olacağını gözləmək və müştərilərdən “çirkli pul almaqda davam etmək kifayət etmir”.
Cinayət fəaliyyətinə dair sübutlar olduğu təqdirdə, onlar pulun hərəkətini dayandırmalıdırlar.
Bu sənədlər Buzzfeed News-a sızdırılıb və BBC-nin Panorama proqramı da daxil olmaqla, dünya boyu 88 ölkədə 108 informasiya qurumunu təmsil edən araşdırmaçı jurnalistləri bir araya gətirmiş qrupla paylaşılıb.
Yüzlərlə jurnalist mürəkkəb, texniki məzmunlu sənədləri təhlil edərək bankların ictimaiyyətin bu barədə bixəbər qalmasına üstünlük verdiyi bəzi fəaliyyət növlərini üzə çıxarıblar.
Bu, son beş ildə gizli sövdələşmələr, çirkli pul yuyulması və maliyyə cinayətlərini ifşa edən sızıntılar sırasında sonuncusudur.
.
BBC
.