Sərhədsiz Reportyorlar Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırır
Sərhədsiz Reportyorlar təşkilatı (RSF) beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə jurnalistləri azad etməsi və onlara qarşı kobud hüquq pozuntularına son qoyması üçün təzyiq göstərməyə çağırıb.
RSF Bakıda BMT-in iqlim dəyişikliyi konfransının (COP29) açılış günü ilə əlaqədar yaydığı bəyanatda bildirir ki, neft ölkəsi olan Azərbaycanda ekologiya da daxil olmaqla, həssas mövzuları işıqlandıran jurnalistlər təhlükəli mühitdə çalışırlar.
Son bir ildə 15-ə yaxın jurnalistin həbs olunduğunu qeyd edən Sərhədsiz Reportyorlar onların arasında ekoloji problemləri araşdıran Abzas Media jurnalisti Nərgiz Absalamovanın da olduğunu vurğulayır.
“Jurnalistikanın, xüsusən də ekoloji jurnalistikanın qorunmasında nümunə göstərmək BMT-nin iqlim konfransına ev sahibliyi etmək üçün ilkin şərt olmalıdır. Müstəqil jurnalistləri həbs edən bir neft dövlətinin qlobal iqlimin gələcəyini müəyyən edəcək danışıqlara ev sahibliyi etməsini necə qəbul edə bilərik?”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Janna Kavelye sual edib.
2023-cü iyununda Gədəbəyin Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı etirazları işıqlandırarkən polis zorakılığına məruz qalan Nərgiz Absalamova sonradan Abzas Media jurnalistlərinə qarşı “qaçaqmalçılıq” ittihamı ilə açılan iş üzrə noyabrın 30-da həbs edilib.
Absalamova ilə yanaşı ötən il noyabrın 20-də Abzas Medianın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb.
İyunun 1-də onlara qarşı Cinayət Məcəlləsinin əlavə 7 maddəsi üzrə, o cümlədən “qanunsuz sahibkarlıq”, “vergidən yayınma”, “sənədlərin saxtalaşdırılması” kimi yeni ittihamlar irəli sürülüb. Bu ittihamlarla onlar 12 ilədək həbsə məhkum edilə bilərlər.
Jurnalistlər bu ittihamları rədd edir və həbslərini peşə fəaliyyətləri əlaqələndirir, hakimiyyətdə təmsil olunan yüksək vəzifəli məmurların korrupsiya əməllərinə dair araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.
Sərhədsiz Reportyorlar qeyd edir ki, Abzas Media, Toplum TV əməkdaşları və həbs olunan digər müstəqil jurnalistlər təcridxanada pis rəftara və alçaldıcı şəraitə dözməli olurlar.
Abzas Media noyabrın 11-də yazıb ki, COP29-a görə həbs olunan jurnalistlərə qarşı yeni məhdudiyyətlər tətbiq edilib. Sevinc Vaqifıqızı onların ailələri ilə telefon danışığına maneə törədildiyini, açıq görüşlərin ümumiyyətlə ləğv edildiyini bildirib.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları noyabrın 22-dək davam edəcək COP29-da Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqət çəkməyə çağırırlar.
“RSF beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən həbsdə olan jurnalistləri azad etməyi, mətbuat azadlığının kobud şəkildə pozulmasına son qoymağı və müstəqil jurnalistikanı qorumaq öhdəliyini tələb etməyə çağırır”, Janna Kavelye əlavə edib.
Bu günədək edilən çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq-müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.