Cəmiyyət bu testdən keçmədi…

Təbliğatın gücü bəzən təbiətin gücünü üstələyir.

Bəşəriyyət özü üçün bir dəyərlər sistemi yaradıb. Bu sistem olmasa, insanlar qədimdə olduğu kimi bir-birinin ətini yeyər, yaxud, tutalım, qız uşağı doğulanda, onu qədim Ərəbistanda bir çox tayfaların etdiyi kimi, oğlan deyil deyə diri-diri quma basdırardılar.

Amma o biri tərəfdən insanlar yersiz stereotiplərin qurbanı olur, özlərini təbiətin qanunları ilə üz-üzə qoyur, həyatın zövglərindən məhrum edirlər.

Allah və təbiət insanı paltarsız yaradıb. Paltarı insan yaradıb.

Rəssamlar və heykəltəraşlar, öz əsərlərində hansısa ideyanı tərənnüm etməklə yanaşı, həm də öz istedadlarına mümkün qədər daha cox insanın diqqətini cəlb etmək üçün daha cəlbedici cizgilər axtarırlar. İnsanın diqqətini cəlb etmək üçün bir gözəl xanımın bədən cizgilərindən daha yaxşı nə ola bilər?!

Məsələn, İtaliyanın ən möhtəşəm arxitektura əsəri olan bir binanın qarşısında bir mini yubkalı gəşəng qız varsa, ola bilər ki, həmin anda həmin binaya baxan daha cox olacaq, amma o qız da diqqətdən kənarda qalmayacaq. Bir gözəl qadın küçədən keçəndə, ona kişilərdən daha cox qadınlar diqqət yetirir, çünki onlar gözəlliyə kişilərdən daha diqqətli və daha həssasdırlar. İnsanlıq üçün ən cəlbedici cizgilərin qadın bədənində olduğunu rəssamlar və heykəltəraşlar necə nəzərə almasın?! Bəs onların çörəyinin həm də bundan çıxdığını biz niyə nəzərə almayaq?

Dünyanın bir çox ölkələrində çılpaq qadın və çılpaq kişi heykəlləri var. Rəssamların şəkilləri var ki, yüz illər bundan əvvəl çəkilib. O əsərləri yaradan insanlar yüksək istedadla yanaşı, həm də əksəriyyəti yüksək mədəniyyətə mənsub kübar insanlar olublar, bəziləri hər nahardan öncə ailə üzvləri ilə əl-əla tutub Allaha dua ediblər. Cəmiyyətdə onları da söyənlər olub, amma əsərləri qalıb, yaşayıb. Təəssüf ki Bakıda yaşamadı. “Təbiətin gücü” əsərinin qoyulması bir test idi. Təəssüf ki, cəmiyyət ümumən bu testdən keçmədi. Ölkədə rüşvətxorluğa, saxtakarlığa, ədalətsizliyə qarşı bu qədər dözümlü olan toplum, kimsəyə zərər vurmayan bir dəmir parçasına münasibətdə bu qədər sərt və barışmaz oldu…

Mustafa Hacıbəyli