“Sən vur, mən razı salım” – anlaşma olubmu?

Aylardır dünyanı narahat edən sualın cavabı verildi, Co Bayden Ukrayna Silahlı Qüvvələrinə ATAK MS raketlərilə Rusiyanın dərinliklərini vurmaq icazəsini verdi. Aylardır Böyük Britaniya və Fransa bunu təkid edirdilər.

Burada 3 məqama diqqət etmək vacibdir.

1. Bayden bu icazəni hakimiyyətdə olduğu 4 ilin ən sonunda, seçkilərdə məğlub olduqdan sonra, “topal ördək” statusunda olarkən verdi.

2. Bayden bu icazəni Trampla 13 Noyabr görüşündən cəmi 4 gün sonra verdi. Bu görüşdə Rusiya-Ukrayna müharibəsi ilk müzakirə olunan mövzulardan olub. İstər-istəməz ehtimallar yaranır: a) Bayden Rusiyanı vurmaq məsələsində Trampla anlaşıb – bu zəif ehtimaldır, çünki Trampın yeni administrasiyasının demək olar ki, bütün üzvləri, hətta oğlu da Baydenin bu qərarını pislədilər. b) Anlaşma olmayıb və Bayden Trampın Rusiya məsələsində fakt qarşısında qoymağa çalışıb, zira, Rusiyanın Qərb raketləri ilə vurulması ilə yaranan yeni eskalasiya Trampın müharibəni 24 saatda bitirmək ritorikasını məhv edir.

3. Bayden və Tramp 13 Noyabr görüşündə Rusiyanı vurmaq məsələsində, anlaşmanın olub-olmamasında asılı olmayaraq, sözügedən qərar nəticəsində hər ikisi situasiyadan qazancla çıxır. Bayden yıxıla-dura birtəhər yola verdiyi prezidentlik müddətinin sonunda tarixə düşür və 2028 seçkilərini nəzərə almaqla, “eşşəklərin” son seçkilərdə korlanmış reputasiyasını müəyyən qədər xilas edir. Tramp isə, 20 Yanvardan sonra Rusiyanı danışıqlar stolunda daha çox güzəştlərə getməyə razı sala bilir, əlbəttə, USQ-nin Qərb raketlərinin sayəsində əldə edə biləcəyi hərbi uğurların sayəsində…

Artıq bu gün, ATAK MS və STORM raketlərilə Bryansk və Kursk vurulduqdan sonra Putin danışıqlara hazır olduğunu bildirib, düzdür, əvvəlki şərtlər daxilində, amma, raketlər Rusiyanı vurduqca, Putinin şərtləri də dəyişə bilər. Raket zərbələrinə Putinin cavabı İranın İsrailin etdiklərinə cavabını xatırladır: artıqlaması ilə cavab verəcəyik. Bu qədər yəni.
Dünya çox narahatdır, 3-cü dünya savaşından söhbət gedir, hərçənd, o şərait hələ yoxdur məncə. Bu başqa yazının mövzusudur. Amma, mədəni dünyadan daha çox narahat olan bir kəsim var, “diktatorlar klubu”, onlar titrəyirlər. O qədər maraqlı günlər görəcəyik ki…

Azər Əsgər