Suriyanın hökumət qoşunları Palmiranı tərk etdi

Suriya hökumət qoşunları Palmiranı tərk edib. Bu haqda Əl-Cəzirə telekanalı məlumat yayıb.

Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, şəhərə nəzarət artıq Azad Suriya Ordusunun bölmələrinə keçib.

Rusiyalı “hərbi müxbirlər” də Suriya hökumət qoşunlarının Palmiraya artıq nəzarət etmədiyini bildirib və qeyd ediblər ki, Suriya prezidenti Bəşər Əsədin əleyhdarları şəhərə hücum edərkən digər qənimətlərlə yanaşı, silah-sursat anbarlarını da ələ keçiriblər.

Palmira Suriyada qədim şəhərdir. 2016-cı ilin martında Bəşər Əsəd qoşunları Rusiya və Livan Hizbullahının iştirakı ilə şəhəri İslam Dövləti yaraqlılarından geri alıb.

Palmiranın ən məşhur abidəsi, eramızın III əsrinə aid Zəfər tağı İslam Dövləti yaraqlıları tərəfindən dağıdılıb. Tağın rusiyalı mütəxəssislər tərəfindən bərpa olunacağı güman edilirdi.

Silahlı qruplar 2024-cü ilin noyabr ayının sonunda Bəşər Əsədin hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Onlar bir neçə gün ərzində Suriyanın ikinci böyük şəhəri Hələbə daxil ola bilib, həmçinin Həma və Deyr əz-Zor şəhərlərini də nəzarətə götürə biliblər.

Bəşər Əsədin əsas müttəfiqləri olan İran və Rusiya Suriyadan hərbçiləri və diplomatlarını təxliyə etməyə başlayıb. “The Wall Street Journal” qəzetinin mənbələrinə görə Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə və müxalifətin də daxil olduğu müvəqqəti şura yaratmağa çağırıb. Nəşrin yazdığına görə, Əsəd övladlarını və həyat yoldaşını Rusiyaya göndərib, lakin özü Suriyada qalıb.