Azər Qasımlı həbs edildi

Bakı şəhər Yasamal rayon məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Bu barədə Turana Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, Yasamal rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Vəkil qeyd edib ki, məhkəmədə Azər Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi.

Rövşanə Rəhimli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

***

 

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə 48 saata şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc Turana bildirib.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil qeyd edib.

Layıcın sözlərinə görə, Azər Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi.

***

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.

“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı mən götürüm. Səbəbini soruşduqda, o, sadəcə yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, – deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan-a bildirib.

Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.

Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.

A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremlə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib.