Azər Qasımlının qızı oxuduğu universitetin rektoruna müraciət yazıb
Eşidəndə bilmədim qəzəblənim, ya gülüm. Amma manipulyasiyanın, imitasiyanın gücünü bir daha gördüm.
Qızım Azərin oxuduğu universitetin rektoruna təhsil haqqı ilə bağlı müraciət yazıb. Bunu əvvəlcə dekanla məsləhətləşib və deyib ki, atası siyasi məhbusdur. Dekan bunları eşidəndə şok olub və Azərindən soruşub ki, “sizdə rejim yeni dəyişib? Diktatura hakimiyyətə gəlib?” Azərin də deyib ki, bizdə 25 ildir heç nə dəyişmir.
Dekanın belə təəccüblənməsinə səbəb Bakıya dörd dəfə səfər etməsi və Bakının yaraşığına valeh olması imiş və deyib ki, “mən elə bilirdim siz inkişaf etmiş ölkəsiniz, sizdə demokratiya var”…
Bəşər Əsəd ölkəsini qoyub qaçandan sonra Azərbaycanla Suriya arasında indi çox paralellər aparılır. Amma nə qədər təzadlı da olsa, görünən budur ki, bizi “suriyalaşmaqdan” qoruyan və fərqləndirən həm də elə manipulyasiya və imitasiya siyasətidir. Çünki bizim hakimiyyət müasir dünyanın bir parçası kimi görünmək istəyir, “avtokratiya” və ya “diktatura” deyil, “demokratiya” adlandırılmaqdan xoşlanır. Bir sözlə, bütün eybəcərlikləri “gəlin duvağı”nın altında gizlətməyə çalışır. Bu, həm də o, deməkdir ki, çəkindikləri nələrsə var.
Yazı müxalif siyasətçi Azər Qasımlının xanımı Samirə Qasımlının fəysbuk səhifəsindən götürülüb.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı dekabrın 8-də həbs olunub. O, cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Dekabrın 10-da isə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.