AZAL-ın təyyarəsi Aktauda qəzaya uğrayıb (Video) (yeniləndi)
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin təcili eniş edərkən Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfərin həyatını itirdiiyini bildirib.
“Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan zaman göyərtədə 67 nəfər, 62 sərnişin, 5 ekipaj üzvü olub. Təəssüf ki, 38 nəfər ölüb, 29 nəfər sağ qalıb”, Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.
“Kazinform” agentliynin məlumatına görə, nazir bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb.
“Orada Qırğızıstandan olan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, bütün soydaşlarımız dünyasını dəyişib. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb”, Karabayev qeyd edib.
Manqistau vilayətinin meri Nurdaulet Kilybayın verdiyi məlumata görə, 27 zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan 13-ü Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç vətəndaşın şəxsiyyəti müəyyənləşdirilir. Rayon uşaq xəstəxanasında iki azyaşlı var.
Hazırda Aktauda olan Qazaxıstanın dövlət komissiyasının rəhbəri, bu ölkənin Baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycanın hökumət nümayəndə heyəti ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
***
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, təyyarə qəzasında 28 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.
Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qroznı hava limanının mətbuat xidmətinin məlumatına görə, Qroznıda qatı duman səbəbindən təyyarə marşrutunu dəyişib və başqa hava limanına yönləndirilib.
* * *
Qazaxıstan dispetçerlərinin məlumatına görə, təyyarə dəniz üzərində təcili eniş xahiş edib və istiqamətini Aktaudakı aerodrom istiqamətində dəyişib.
Təyyarənin lokator ekranındakı marşrutuna əsasən, o dövrə vuraraq dəniz sahilində düşüb.
Sərnişinlərin siyahısına əsasən, təyyarədə Azərbaycan, Rusiya Federasiyası (Çeçenistan) və bir sıra digər ölkələrin vətəndaşları olub.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təyyarədə 67 nəfər (5 ekipaj üzvü) olub. Qəza yerindən çəkilmiş videoda bir neçə ölənin cəsədi görünür.
* * *
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
“Kazinform”un məlumatına görə, ilkin məlumatlara görə, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Ilkin məlumata görə, sağ qalanlar var.
AZAL-ın məlumatına görə, təyyarənin quş sürüsü ilə toqquşması qəzaya səbəb olub. Təyyarədə 60-dan çox insan olub. Təyyarənin Bakı-Qroznı reysi ilə getdiyi də bildirilir. Onun niyə Qazaxıstan ərazisinə düşdüyü barədə məlumat verilmir.
Qəza yerindən çəkilmiş videoda təyyarənin kəskin şəkildə endiyi və arxası ilə yerə çırpıldığı görünür. Daha sonra yanğın başlayır.
AZAL-ın məlumatına görə, təbii fəlakət Aktaudan 3 km aralıda baş verib.